Son yeniləmə: 10 May 2022 09:27
Yaxud evdəki hesab çarşıya uymur
Bayraqdar.info – Qardaş Türkiyə növbəti parlament və prezident seçkilərinə hazırlaşır. Gələn il Türkiyə vətəndaşları seçki məntəqələrinə gedərək seçimlərini edəcəklər. Düzdür, seçkilərin daha tez, məsələn, bu ilin noyabrında keçirilə biləcəyinə dair məlumatlar da səslənir. Lakin bizim bu dəfəki köşəmizin mövzusu Türkiyədə seçkilərin öz vaxtında, yoxsa növbədənkənar olaraq keçiriləcəyi deyil. Mövzumuz bu seçkilər öncəsində müxalifətin sərgilədiyi mövqe ilə bağlıdır.
Strateji və tarixi önəm daşıyan seçkilər
Öncə onu deyək ki, bu seçkilər gələn il 100 yaşı olacaq Türkiyə Cümhuriyyəti üçün strateji və tarixi önəm daşıyacaq. O baxımdan ki, seçkilərdə qalib gələcəyi təqdirdə – hazırda bu qalibiyyətin olacağına inanmayanlar olduqca az saydadır – indiki Cümhurbaşqanı Recep Tayyip Erdoğan 2023-cü ildən sonrakı layihələrin icrasını rahatlıqla və bir daha xalqdan mandat alaraq reallaşdıra biləcək.
Yox, əgər müxalifətin namizədi qalib gələcəksə, o zaman R.T.Erdoğanın baş nazir, sonra da Cümhurbaşqanı olduğu dövrdən bu günə kimi reallaşdırılan layihələr, o cümlədən dünya düzənində Türkiyənin nüfuzunun artmasına hesablanmış addımlar, bir növ, dayandırılacaq. Çünki indiki müxalifətin yanaşmasına, müxalifət liderlərinin açıqlamalarına, həmçinin nəinki Türkiyənin, ümumilkdə türk dünyasının gələcəyinə hesablanmış strateji layihələrə qarşı səslənən bəyanatlara nəzər yetirsək onu deyə bilərik ki, müxalifətin qalib gələcəyi təqdirdə bu günkü layihələrin taleyi sual altına düşəcək.
Belə olan halda Türkiyə müxalifətinin mövcud durumuna nəzər yetirmək lazım gəlir. Daha doğrusu, hazırda seçkiyə hazırlaşan iqtidar və müxalifət cəbhəsinin durumuna nəzər salmaqla, bəzi məqamları diqqət mərkəzinə gətirməyi vacib saydıq.
Məsələ burasındadır ki, iqtidarın “Cumhur İttifakı”nın proqramı da, Cümhurbaşqanlığına namizədi də bəllidir. Bu namizəd hazırkı Cümhurbaşqanı Recep Tayyip Erdoğandır. Yəni iqtidar cəbhəsində vahid fikir və həmrəylik mövcuddur.
Amma bunu müxalifət cəbhəsi üçün demək çətindir. Çünki bu cəbhədə, belə demək mümkünsə, hərənin ağzından bir avaz gəlir. Bu azmış kimi cəbhənin mövcud durumunu siyasi baxışları və ideoloji istiqaməti bir-birindən yerlə göy qədər fərqlənənlərin zorən bir araya gəlməsi kimi xarakterizə edə bilərik.
Bu məqamda yazımızın başlığına gəlmək istəyirik. Başlıqda da qeyd etdiyimiz kimi Türkiyə müxalifətinin “Millet İttifakı” bir zamanlar Azərbaycanda müxalifətin yaratdığı Demokratik Qüvvələrin Milli Şurası adlanan birliyə bənzəyir. Çünki hazırda “Millet İttifakı” ətrafında cərəyan edənlər bir vaxtlar Milli Şurada cərəyan edənlərlə birə-bir eynilik təşkil edir.
Alabəzək siyasi birləşmə
Nədir bu eynilik? Birinicisini yuxarıda qeyd etdik. Necə ki, vaxtı ilə Azərbaycanda bir-birini təkzib edən, bir-birindən siyasi və ideoloji baxımdan yerlə göy qədər fərqlənən partiyalar Milli Şurada zorən bir araya gəlmişdi, indi də eyni hal qardaş Türkiyə müxalifətinin “Millet İttifakı”nda müşahidə edilir. Bu, özünü xüsusilə də “altılı masa” kimi dəyərləndirilən birləşmədən sonra daha qabarıq göstərir.
Hazırda kökündə “Millet İttifakı”nın dayandığı “altılı masada” təmsil olunanlara baxanda alabəzək bir siyasi birləşməni görürük – Solçu CHP, milliyyətçi İYİ Parti, sağçı DP, dindar təmayüllü Saadet Partiyası, qatı Qərbçi olduğu iddia edilən DEVA və Türkiyənin gələcəyini hara aparmaq istədiyi hələ də bəlli olmayan Gelecek Partiyası.
Əslində, “altılığ”ı, daha dəqiq desək genişləndirilmiş “Millet İttifakı”nı ağız-ağıza yatmış qurdlar süfrəsi kimi dəyərləndirmək daha doğru olar. Elə qurdlar ki, kiçik bir fürsət düşən kimi qarşısındakını parçalamağa hazırdır. Məhz bu, “Millet İttifakı”nı “Milli Şura”ya bənzədən ikinci məqamdır. Və böyük ehtimalla seçkilərdəki məğlubiyyətdən sonra bu “altılıq”dakı partiya rəhbərləri ilk olaraq bir-birinə qənim kəsiləcəklər. Necə ki, biz bunu “Milli Şura”da müşahidə etmişdik. Seçkiyə qədər qardaş kimi qol-boyun gəzənlər seçkidən sonra bir-birini topa tutdular.
Fərqli siyasi baxışlı qüvvələrin qəfildən bir araya gəlməsinin sirri
Üçüncü məqam da elə ikinci məqamdan dogur. Söhbət ayrı-ayrı dünyaların adamları olan bu siyasilərin, yəni fərqli siyasi baxışlı qüvvələrin qəfildən “bir araya gəlməsi sirri”ndən gedir. Əslində, bir az dərinə gedəndə burda hansısa sirr olmadığı ortaya çıxır. Yenə də Türkiyə mediasında səslənən bəzi iddialara söykənsək genişləndirilmiş “Millet İttifakı”nın ortaya çıxmasının Qərbdəki bəzi güclərin, yumşaq desək, xoşuna gəldiyini deyə bilərik. Necə ki, bir zamanlar Milli Şuranın yaranması da Azərbaycana kənardan təsir və təzyiq etmək istəyən bəzi xarici ölkələrin xoşuna gəlirdi.
Dördüncüsü, Milli Şurada olduğu kimi “Millet İttifakı”nda da çayı keçməmiş masaya dırmanmalar, yəni ki, yer, kreslo savaşı başlayıb. Məsələn, bu birlikdə öncə yan-yana oturarkən kimin birinci, kimin ikinci olması ətrafında baş sındırıldığı söylənilir. Hətta iddiaya görə “altılıq” liderləri partiya adlarının əlifba sırası ilə, yoxsa partiya liderlərinin yaşına görə masada oturulması ətrafında xeyli var-gəl ediblər.
Nəhayət, gələk əsas məsələyə. Namizəd kim olacaq? Nə qədər qəribə olsa da Milli Şura kimi “Millet İttifakı” da namizəd məsələsində çəkici bir zindana vura bilmir. Belə ki, bu məsələdə də hər ağızdan bir avaz gəlir. Xüsusilə də DEVA Partiyasının sədri Ali Babacanın seçkiyə öz loqo və namizədləri ilə gedəcəyinə dair fikirləri, o cümlədən CHP genel başqanı Kemal Kılıçdaroğlunun adətən istər öz partiyası, istərsə də “Millet İttifakı” daxilindəki mümkün rəqiblərə göndərmə yapması aləmi bir-birinə vurub. Məhz bundan sonra “Millet İttifakı” daxilində ikili, üçlü, dördlü ittifaqların yarana biləcəyinə dair fikirlər səslənməyə başlayıb.
İttifaq içində ittifaq
Məsələn, necə ki, bir vaxtlar Milli Şura daxilində “kimin daha güclü”, “hansı partiyanın rəhbərinin daha şanslı” olmasını sübut etmək üçün müxtəlif cəbhlər yaranmışdı, hazırda da “Millet İttifakı”nda eyni hal müşahidə edilir. Hər keçən gün bu ittifaq daxilindən yeni ittifaqlar doğur.
Məsələn, yayılan məlumatlara görə, rəsmi elan olunmasa da, hazırda müxalifətin üç ittifaqı mövcuddur. “Millət İttifakı”, bu ittifaq daxilində İYİ Partiya-DP ittifaqı və DEVA-Gelecek-Seadet Pariyasından ibarət ittifaq. CHP genel başqanı Kemal Kılıcdaroğlunun cümhurbaşqanlığına namizəd olmaqda israrlı görünməsini də nəzərə alsaq müxalifətin altılı masasında vəziyyətin necə vahim olması gözlər önünə gəlir.
Bir sözlə, hazırda Türkiyə müxalifəti “ittifaq içində ittifaqlar” dönəminə daxil olub. Təsəvvür edin ki, “Türkiyəni idarə etməyə”, bunun üçün bir olduqlarını iddia edənlər ilk andan hansısa konsensusa gələ bilmir. Bir zamanlar Azərbaycanda Milli Şura daxilində olduğu kimi indi də qardaş Türkiyədə “Millet İttifakı” daxilində cəm olanlar kreslo, mandat istəyini xalq, dövlət istəyindən arxa plana keçirə bilmirlər. Bunu daha açıq desək, görünən odur ki, “altılar”ın əsas dərdi heç də xalq, dövlət deyil, mövqe, mandat, kreslodur.
Beləliklə, mənzərə aydındır. Zorən bir araya gələnlərin hər birinin öz hesab-kitabı var. Bu hesab-kitab isə ümumi hesab-kitaba uyğun gəlmir. Yenə də türkiyəli qardaşlarımızın dediyi kimi, evdəki hesab çarşıya uymur.