Son yeniləmə: 10 May 2022 10:03
Aydın Hüseynov: Əldə etdiyimiz uğurlar Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bayraqdar.info – “Bu gün Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edir. Müasir müstəqil Azərbaycanın əldə etdiyi uğurlar məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu, ölkəmizin inkişafı yolunda böyük işlər görüb, misilsiz xidmətlər göstərib”.
Bunu Ulu öndərin mayın 10-da tamamlanan anadan olmasının 99-cu il dönümü ilə bağlı bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradıldı
Onun sözlərinə görə, Azərbaycanın həm sovetlər dönəmində, həm də müstəqillik illərində inkişafı H.Əliyevin adı ilə bağlıdır: “Təsadüfi deyil ki, keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri olan Azərbaycan məhz H.Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra inkişaf edərək ön sıralara çıxdı. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Onu da qeyd edim ki, Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradırdı. Biz bunu çox-çox sonralar, müstəqilliyimizin ilk illərində tarixin ağır imtahanına çəkilərkən dərk etməyə başladıq”.
Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu
Deputat qeyd edib ki, Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə Azərbaycan böyük bəlalardan qurtuldu: “Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək inkişaf edən bir ölkəyə çevirdi. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başlandı. Cəbhədə atəşkəsin əldə edilməsindən sonra atılan addımlar öz bəhrəsini verdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması, institusional islahatların həyata keçirilməsi və müasir cəmiyyət quruculuğu, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəyliyin təmin edilməsi istiqamətində tarixi işlər görüldü”.
“Azərbaycanda siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. “Əsrin kontraktı”nın imzalanması ilə dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edildi ki, bu da ölkəyə investisiya axınının başlanmasına, nəhəng enerji layihələrinin icrasına, gələcək inkişaf üçün lazımi resursların əldə edilməsinə təkan verdi. Bir sözlə Ulu öndər Heydər Əliyev Azərbaycanda inkişaf və tərəqqinin memarı kimi tarixə düşüb”, – deyə deputat bildirib.
Bütün sahələrdə uğurlar əldə edilib
A.Hüseynovun sözlərinə görə, əsası Ulu öndər H.Əliyev tərəfindən qoyulan siyasət 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ulu öndərin yaratdığı təməl üzərində Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi, mədəni və s. inkişafı təmin edilib. Mühüm enerji layihələri reallaşdırılıb, regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları icra edilib. Məhz bu proqramlar çərçivəsində sosial-iqtisadi infrastruktur yenidən qurulub. Həmçinin həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan regionun nəqliyyat-kommunikasiya qovşağına çevrilib. Prezident İ.Əliyevin rəhbərliyi ilə uğurlu ordu quruculuğu, milli maraqlara əsaslanan müstəqil siyasət yürüdən Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da güclənib. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada yüksək göstəricilər əldə edilməsin. İqtisadiyyatda, mədəniyyət, təhsil və səhiyyədə, kənd təsərrüfatı sektorunda, sosial və ictimai-siyasi sahədə islahatlar həyata keçirilib və islahatlar bu gün də davam etməkdədir”.
Deputat qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi ilə nəticələnən tarixi Zəfər də əsası Ulu öndər tərəfindən qoyulan siyasətin, ordu quruculuğunun Prezident İ.Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir: “Bir sözlə, Azərbaycanın əldə etdiyi bütün uğurların, o cümlədən Vətən müharibəsindəki tarixi Zəfərin də arxasında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır”.