Son yeniləmə: 10 May 2022 08:18
Bayraqdar.info – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ankarada konsert proqramı təşkil olunub. Konsert proqramı Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə mayın 9-da reallaşıb.
Bu barədə bayraqdar.info-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, konsertdən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Bədii hissədən öncə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış ediblər. Natiqlər çıxışlarında ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Ulu Öndərin xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışlardan sonra Azərbaycanın Əməkdar artisti Turan Manafzadənin dirijorluğu ilə onun təsis etdiyi “Turan” orkestri Azərbaycan və dünya bəstəkarlarının əsərini ifa edib.
Cümhurbaşkanlığı Simfoniya Orkestrinin Konsert Salonunda keçirilən tədbirdə rəsmi şəxslər, Azərbaycan və Türkiyədən olan deputatlar, Ankarada fəaliyyət göstərən səfirlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Konsertdən sonra Ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub.