Son yeniləmə: 10 May 2022 16:28
Bayraqdar.info – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Azərsu” ASC-nin kollektivi “+ 82 Şərq” su anbarının ərazisində ağacəkmə aksiyası keçirib. Cəmiyyətin İdarə Aparatının və Bakı Sukanal İdarəsinin əməkdaşları tərəfindən mərkəzi su anbarının ərazisində 300-dən artıq şam ağacı əkilib, həmçinin ötən illərdə əkilmiş ağaclara qulluq edilib.
Bununla bağlı bayraqdar.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına önəm vermişdir. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azərsu” Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir”, – deyə məluamtda qeyd olunub.