Son yeniləmə: 9 May 2022 09:28
Yaxud 9 mayın qələbə günü, bayram kimi qeyd edilməsinə ehtiyac yoxdur
Bayraqdar.info – Azərbaycan xalqı tarix boyu imperiyalara, köləliyə, faşizmə qarşı aparılan mübarizələrdə ön sıralarda olub. Bunun sübutu üçün istər Birinci, istərsə də İkinci Dünya müharibələri zamanı cərəyan edən proseslərə qısa nəzər salmaq kifayətdir. Çünki məhz bu iki müharibə zamanı Azərbaycanın qəhrəman oğul və qızları ölkəmizdən uzaqlarda, başqa dövlətlərin ərazilərində dünya imperializminə, faşizmə qarşı aparılan mübarizələrdə digər xalqlarla çiyin-çiyinə döyüşüb, canlarından keçiblər.
Dünya imperializminə qarşı mübarizədə azərbaycanlılar da canlarından keçib
Bəlli olduğu kimi, Birinci Dünya müharibəsi əsnasında Osmanlı dövləti dünya imperializminə qarşı ölüm-qalım savaşı verirdi. Bu savaşda Osmanlının məğlubiyyəti bütövlükdə türk-islam dünyasının məğlubiyyəti, bu coğrafiyanın əbədi olaraq imperialistlərin köləsi halına düşməsi demək olacaqdı.
Məhz belə həlledici məqamda Azərbaycanın Quzeyindən və Güneyindən, o cümlədən Borçalı, Dərbənd kimi tarixi Azərbaycan yurdlarından soydaşlarımız könüllü olaraq Çanakkaleyə yollandılar. O döyüşlərdə canlarından keçdilər. Yəni azərbaycanlıların Çanakkale savaşına qatılması bir yandan qardaş Osmanlı Türkiyəsinə dəstək, digər tərəfdən isə dünya imperializminə qarşı mübarizəyə kömək məqsədi daşıyırdı.
Faşizmə qarşı mübarizədə də ön sıralarda
Eyni zamanda 1 sentyabr 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb 2 sentyabr 1945-ci ildə başa çatan İkinci Dünya müharibəsində də azərbaycanlılar ön sırada olublar. Hətta deyərdik ki, Azərbaycan və azərbaycanlılar bu müharibənin əsas qəhrəmanlarından olub.
Həmin müharibədə azərbaycanlıların qəhrəmanlıqları barədə statistikaya bir qədər sonra geniş toxunacağıq. Amma bu məqamda keçmiş SSRİ rəhbərliyinin hətta bu məsələdə belə Azərbaycana və azərbaycanlılara qarşı ögey yanaşmasından bəhs etmək istərdik.
Bakıya “Qəhrəman şəhər” adını çox gördülər
Bu bir həqiqətdir ki, keçmiş SSRİ-nin alman faşizminə qalib gəlməsində əsas rollardan birini Bakı nefti oynayıb. Lakin həmin günlər ön cəhbədəki qalibiyyətlərdə öz imzası olan Bakı, Bakının nefti müharibədən sonra öz haqqı çatanı almadı. Bakıya “Qəhrəman şəhər” adını çox gördülər.
Təkcə elə indi sadalayacağımız faktlar buna niyə haqqımızın çatdığına dair suala cavab sayıla bilər. Beləliklə, AZƏRTAC-ın 09 may 2020-ci il tarixli buraxılışında da qeyd edilidyi kimi, Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb: “Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıqla gecə-gündüz çalışaraq cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdəndir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu”.
Bu da son deyil. Həmin illərdə xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Bir sözlə, Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri
Beləliklə, qayıdaq xalqımızın İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində ön cəbhədə göstərdiyi qəhrəmanlıqlara dair statistikaya. Yenə də yuxarıda bəhs edilən yazıya istinadən qeyd edək ki, 1941-1945-ci illər müharibəsində igid Azərbaycan övladları xalqımıza xas qəhrəmanlıq örnəyi göstəriblər: “İkinci Dünya müharibəsinin başlandığı ilk gündən səfərbərlik elan olunub, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib. Bu qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib”.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun şücaətindən isə təkcə SSRİ-də deyil, bütün dünyada bəhs edilib.
Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşməklə yanaşı, o zaman keçmiş SSRİ-ya daxil olmayan başqa ölkələrdə də qəhrəmanlıqları ilə tarix yazıblar. Azərbaycanlıların Polşa, Çexoslovakiya, Yuqoslaviya və başqa ölkələrin azad olunması uğrunda göstərdikləri şücaətlər bu gün də həmin dövlətlərdə ehtiramla yad edilir.
Mehdi Hüseynzadə başda olmaqla partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır.
İkinci Dünya müharibəsində həlak olanların xatirəsi daim əziz tutulur
Təbii ki, xalqımız və dövlətimiz İkinci Dünya müharibəsində həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İkinci Dünya müharibəsində qələbənin növbəti ildönümləri ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixində imzaladığı “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam isə həmin kateqoriyadan olan vətəndaşlara dövlət başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sözügedən Sərəncamın icrası olaraq ümumilikdə 4 min 314 nəfər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin edilib.
Qələbə günümüz 9 may deyil, 8 noyabrdır
Bir sözlə, bu sadalananlar da bir daha sübut edir ki, xalqımız hər zaman öz qəhrəman övladlarına diqqət və qayğı ilə yanaşıb, bundan sonra da yanaşacaq. Bu kontekstdə İkinci Dünya müharibəsinin veteranlarının müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Lakin yəqin ki, o veteranlardan sağ qalanlar, həmçinin vəfat edənlərin davamçıları da bir məsələdə haqqın, ədalətin öz yerini tutmasına dəstəklərini nümyiş etdirərlər. Söhbət Qələbə günü ilə bağlı məsələdən gedir.
Bu bir həqiqətdir ki, sovet ideologiya maşınının uzun illər apardığı təbliğat nəticəsində 9 may Azərbaycanda da “Böyük Vətən Müharibəsində Qələbə Günü” kimi qeyd edilib. Bu gün də təqvimimizdə hələ ki, bu tarix qələbə günü kimi öz əkisni tapır və qeyri-iş günü – bayram kimi qeyd edlir. Amma hesab edirik ki, buna – 9 mayın qələbə günü, yaxud bayram kimi qeyd olunması yanlışlığına son qoyulmalıdır. Bəs nədir bu yanlışlıq?
Əvvəla, yuxarıda qeyd etdiyimiz kimi İkinci Dünya mühairbəsi 2 sentyabr 1945-ci ildə başa çatıb. Deməli, əgər faşizm üzərində qələbədən söhbət gedirsə, bu tarix 9 mayda deyil, 2 sentyabrda qeyd edilməldir. O zaman da həmin günü sadəcə xatirə günü kimi qeyd edə bilərik. Yəni təqvimə bayram günü kimi salmadan. Məsələn “İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində qəhrəmanlıq göstərənlərin xatirə günü” kimi.
İkinci yanlışlıq yenə də sovet ideologiyasının təbliğatının beyinlərə yeritdiyi məqamdan azad olunmaqla bağlıdır. Söhbət “Böyük Vətən müharibəsi” ifadəsindən gedir. Bəli, o illər imperiya tərkibində olan bütün respublikalar və xalqlar üçün SSRİ “böyük vətən” olaraq həzm etdirilirdi. Amma indi vəziyyət dəyişib. SSRİ adlı imperiya artıq yoxdur. Elə isə deməli o imperiyaya hələ də “böyük vətən” demək, yanlışlıqdır. Digər tərəfdən, artıq Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi və o müharibədə əldə edilən şanlı Qələbəmiz, həmçinin o şərəfli müharibənin qəhrəman şəhid və qaziləri var. Eyni zamanda 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi tarixi, yəni 8 noyabr Azərbaycan təqviminə Qələbə – Zəfər günü kimi düşüb.
Qısası, bizim öz Vətən müharibəmiz, həmin müharibədə qəhrəman vətən övladlarımızın misilsiz şüacətinin nəticəsində əldə edilən tarixi qələbəmiz, Qələbə günümüz var. Özü də bu, təkcə işğalçı Ermənistana deyil, eyni zamanda onun xarici havadarlarına, 44 günük müharibənin demək olar ki, hər günündə işğalçıları silah-sursatla təmin edən xarici güclərə qarşı qazanılmış şərəfli bir Qələbədir!
Onu da unutmamalıyıq ki, İkinci Dünya müharibəsinin nəticəsini öz arzusu istiqamətində özəlləşdirən Kreml həmin müharibədə həlak olan digər xalqların nümayəndələrinin xatirəsinə lazımi şəkildə ehtiram göstərmir. Hər halda bu gün Ukraynada tökülən qanlar, Moldova və Gürcüstanda Moskva dəstəkli separatçı rejimlərin mövcudluğu belə düşünməyə əsas verir. Bu sırada torpaqlarımızın işğal edilməsində, həmçinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmasında Kremlin oynadığı rolu da unutmamaq lazımdır.
Bütün bunlardan sonra deyiləsi bircə söz qalır – nə 9 mayı qələbə günü, nə də həmin müharibəni “Böyük Vətən Müharibəsi” kimi qeyd etməyə lüzum yoxdur.