Son yeniləmə: 7 May 2022 11:00
Bayraqdar.info – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov mayın 6-da İmişli şəhərində İmişli, Saatlı və Sabirabad rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib. O qeyd edib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirlib: “Qəbuldan əvvəl Zaur Mikayılov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov İmişli Suvarma Sistemləri İdarəsinin inzibati binasında İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib”.
Məluamat əsasən, müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyaların quraşdırılması, nov kanallarının çəkilməsi, su buraxıcı qurğuların tikilməsi, kanalların lildən təmizlənməsi, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib: “Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb”.