Son yeniləmə: 7 May 2022 11:40
Bayraqdar.info – Qazaxıstanın Türküstan şəhərində 1 May – Qazaxıstan Xalqları Birliyi Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.
Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin nəzdindəki Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin nümayəndələri iştirak ediblər.
Birliyin azərbaycanlı tələbələrlə birlikdə təşkil etdiyi Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən milli suvenirlər, geyimlər, milli mətbəximizə aid nümunələr və rəqslərimiz nümayiş etdirilib. Azərbaycan guşəsi tədbir iştirakçılarının və qonaqların marağına səbəb olub.
“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri Ramilə Mustafayeva bildirib ki, Türküstan vilayətində və Qazaxıstanda zəngin mədəniyyətimizin təbliğ olunması istiqamətində səmərəli fəaliyyət göstərməkdə davam edəcəklər.