Press "Enter" to skip to content

Para Trap İdman Atıcılıq yarışı keçirilib

Yarış iştirakçıları ilə xatirə şəkli

Son yeniləmə: 7 May 2022 11:28

Bayraqdar.info – Vətən müharibəsi əlilləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əməkdaşları arasında Para Trap İdman Atıcılıq yarışı keçirilib. Yarış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən təşkil olunub.

Bu barədə bayraqdar.info-ya Əmə və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarışdan əvvəl Agentliyin sədr müavini Ramin Rzayev və “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev çıxışlarında ölkəmizdə sosial sahənin inkişafı, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində görülmüş işlərdən danışıblar: “Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, xüsusilə müharibə əlillərinə diqqət və qayğısı vurğulanıb. Əlilliyi olan şəxslər, müharibə iştirakçıları üçün sosial dəstək proqramlarının ildən-ilə genişləndirildiyi qeyd edilib”.

Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Agentliyin əməkdaşlarından və Vətən müharibəsi əlillərindən ibarət 17 nəfər Para Trap İdman Atıcılıq növündə öz güclərini sınayıblar. Sonda qaliblərə mükafatlar, yarış iştirakşılarına sertifikatlar təqdim edilib.

Mission News Theme by Compete Themes.