Press "Enter" to skip to content

Özbəkistan hər hansı ittifaq dövlətinə qoşulmur

Özbəkistan bayrağı

Bayraqdar.info – Bir sıra xarici media orqanları qardaş Özbəkistanın hansısa ittifaq dövlətinə qoşulacağı haqqında əsassız xəbərlər yayıb. Bu isə Daşkəndin xüsusi bəyanatla çıxış etməsinə səbəb olub.

Mayın 6-da Özbəkistan Xarici İşlər Nazirliyinin məsələylə bağlı yaydığı bəyanatda deyilir ki, “hadisələrin işıqlandırılmasında obyektivliyə və tərəfsizliyə iddia edən bəzi xarici nəşrlər son vaxtlar İttifaq dövlətinin genişləndirilməsi və Özbəkistanın da ona qoşulmasıyla bağlı ayrı-ayrı xarici ölkə liderlərinin əsassız fikirlərini tirajlamağa davam edir”.

Daha sonra XİN qeyd edir ki, Özbəkistan ölkənin xarici tərəfdaşlarıyla dost münasibətlərinə zərər vura biləcək belə təxribatçı əməllərin yolverilməz olduğunu bəyan edir.

“Özbəkistan, ölkənin müstəqilliyi və suverenliyini təmin etmək məqsədilə, istisnasız olaraq öz milli maraqlarından çıxış edərək seçdiyi müstəqil inkişaf yoluna sadiqliyini qəti şəkildə davam etdirəcək”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Rusiya və Belarusun qurduğu və gələcəkdə daha sıx inteqrasiyaya hesablanmış İttifaq dövləti keçmiş SSRİ dövlətlərini yenidən bir çatı altında toplamaq üçün üsullar tətbiq etməkdədir. Son məqsəd o dövlətləri yenidən Rusiyanın əlaltısına çevirməkdir ki, türk dövlətləri də bunun nə olduğunu bildikləri üçün özlərini müdafiə etməyi vacib sayır.

Özbəkistanla bağlı belə xəbərlərin məhz indiki dövrdə – Rusiyanın Ukraynaya təcavüzü fonunda tirajlanması isə əlavə təxribat planlarından xəbər verir. Yəni Rusiya Ukraynada düşdüyü bataqlığa özüylə başqalarını da sürükləmək üçün yollar axtarır.

Mission News Theme by Compete Themes.