Son yeniləmə: 7 May 2022 09:22
Bayraqdar.info – Prezident İlham Əliyevin Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında 20 aprel 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Ordusunda silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Müdafiə Nazirliyinin təşkilatçılığıyla Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilib.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən mlumat verilib.
Bildirilib ki, “Nəsillərdən nəsillərə əmanətdi Əhməd Cavad” adlı tədbirdə dövlət himnimizin müəllifinin doğma Vətənin azadlığı, müstəqilliyi naminə mübarizələrdə keçən ağır, eyni zamanda, şərəfli ömür yoluna çıraq tutulub, xatirəsi əsgəri ehtiramla yad edilib: “Müdafiə Nazirliyi rəsmilərinin, Bakı Qarnizonundakı hərbi hissələrin və ictimaiyyət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri yubiley mərasimində əvvəlcə əsgər xoru və bütün tədbir iştirakçıları dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib”.
Qeyd edilib ki, layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxışının əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət himnimiz haqqında söylədiyi dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır – Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himn müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram”.
Məlumata əsasən tədbirdə Prezident İlham Əliyevin Əhməd Cavadın anadan olmasının 120 və 130 illik yubileylərinin keçirilməsi haqqında, eləcə də şairin “Seçilmiş əsərləri”nin latın qrafikası ilə çap olunmasına dair sərəncamları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə həmçinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və digər şəxslər çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərimizin vətənpərvərlik tərbiyəsinə həmişə xüsusi önəm verərdi.
Vurğulanıb ki, qalib Azərbaycan Ordusunun hər bir əsgəri vətənpərvərdir: “Vətən uğrunda, öz torpağı uğrunda canından, qanından keçməyə belə hazırdır. Bu mənada, Əhməd Cavadın Vətən sevgisi, müstəqillik, azadlıq duyğuları hər bir əsgərimiz üçün nümunədir və Vətən müdafiəçilərini daha böyük uğurlara ruhlandırır. Əhməd Cavadın ədəbi yaradıcılığı, həmçinin həm qələmi, həm də silahı ilə mübarizələrdə keçən həyatı barədə real sənədlərə, tədqiqat materiallarına əsaslanan məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb”.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əhməd Cavadın şeirlərinə yazılan musiqiləri ifa edib, şairin şeirləri səsləndirilib.
[…] “Nəsillərdən nəsillərə əmanətdi Əhməd Cavad” – VİDEO […]