Bayraqdar.info – “Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələrin Respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatlıqla qarşılanması müşahidə edilməkdədir”.
Bu sözlər Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 7-də yaydığı açıqlamadandır.
Açıqlamada daha sonra deyilir: “Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur”.
DTX eyni zamanda qeyd edib ki, qarşı tərəf konkret faktlar təqdim edəcəyi halda Azərbaycan tərəfdaşlıq münasibətlərindən çıxış edərək onların araşdırılmasına hazırdır.