Son yeniləmə: 6 May 2022 17:16
Bayraqdar.info – Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə azərbaycanlı polkovnik Vəli bəy Yadigarın xatirəsi məzarı başında yad edilib. Mərasim faşizm üzərində Qələbənin 77-ci ildönümünün qeyd olunması çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya mayın 6-da Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, Vəli bəy Yadigar Polşanda faşizmlə mübarizə aparan qəhrəmanlarından biri kimi qəbul olunur.
Anım mərasimində Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşada “Azərbaycan Ticarət Evi”nin nümayəndələri və Polşanın müftisi Tomaş Miskeviç iştirak ediblər. Mərasimin əvvəlində Vəli bəy Yadigarın məzarına çələng qoyulub, onun ruhuna “Quranı-Kərim”dən ayələr oxunaraq dualar edilib.
“Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolu haqqında məlumat verən səfir Nərgiz Qurbanova qeyd edib ki, İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövrlərdən biri olub. Bu illərdə Azərbaycan xalqı həm cəbhə bölgəsində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. 170 min azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib, bir çoxları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixində öz yerini tutub. İkinci Dünya Müharibəsində qazanılan Qələbə Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasının əyani sübutu olub.
“Səfir əlavə edib ki, faşizmlə mübarizə dövründə mərd azərbaycanlıların digər xalqların yanında ədalət uğrunda mübarizə aparması sonrakı illərin dostluq əlaqələrinə öz töhfəsini göstərib. Belə şəxsiyyətlərdən biri də Azərbaycan və Polşanın hərb tarixində dərin izlər qoyan Vəli bəy Yadigar olub. Anası Polşa tatarı olan Vəli bəy Borçalının köklü nəsillərindən Yadigarovlar ailəsinin üzvü, Cümhuriyyət ordusunun zabitlərindən biri olub.
“Hərbçi kimi keçmiş olduğu məşəqqətli yollardan bəhs olunuraq qeyd olunub ki, 1916-cı ildə kadet məktəbini bitirib, 1918-ci ildə AXC ordusunda Şəki süvari eskadronunda komandir olub. 1920-ci ildə ermənilər Şuşa, Laçın, Xankəndi, Xocalı və digər ərazilərə hücum edəndə Vəli bəyin eskadronu böyük qəhrəmanlıq göstərib. Azərbaycan Qızıl Ordu tərəfindən işğal olunanda Vəli bəy Şəki süvari alayı ilə birlikdə Gürcüstana keçib, oradan Türkiyə və Polşaya mühacirət edib.
“Vəli bəy Yadigarın Polşadakı fəaliyyətinə toxunan səfir bildirib ki, Polşaya gələndən bir neçə il sonra Vəli bəy polyak ordusu sıralarına qoşulub və hərbi təhsil alıb. Bu illərdə tanış olduğu polyak qızı Vanda Eminoviçlə evlənib, hərbi akademiyanı bitirib və müxtəlif hərbi vəzifələrdə çalışıb. 1940-cı ildə Polşada “Polyak Xalq Ordusu”na bağlı “Jelen” (“Maral”) alayını yaradan Vəli bəy “Damazy” adı ilə tanınmağa başlanıb. O, Polşanın işğalından sonra “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak edib. Sovet ordusununPolşaya gəlişindən sonra Vəli bəy İngiltərəyə, oradan isə Argentinaya köçməli olub.Mərasim iştirakçılarının diqqətinə çatdırılıb ki, 1971-ci ildə polkovnik Vəli bəy Yadigar Buenos Ayresdə vəfat edib və ölmədən öncə azad Polşada dəfn olunmağı vəsiyyət edib. Bu səbəbdən 1990-cı ildə onun və həyat yoldaşının cənazəsi Varşavaya gətirilərək Varşavada yerləşən “müsəlman-tatar qəbiristanlığı”nda dəfn olunub.
“Çıxışının sonunda N.Qurbanova Vəli bəy Yadigar kimi ortaq tarixi şəxsiyyətlərin öz üzərinə götürdükləri missiya ilə Azərbaycan və Polşa xalqları arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiklərini qeyd edib.
“Anım mərasiminin ardınca “müsəlman-tatar qəbiristanlığı”nın inzibati binasında ehsan süfrəsi açılıb”, – deyə məluamtda daha sonra bildirilib.