Press "Enter" to skip to content

Sputniki Bakıdan çıxarmalı, kabel kanallarına da əl gəzdirməli

Azər Həsrət

Son yeniləmə: 6 May 2022 09:22

Bayraqdar.info – Bir müddət öncə məsələ qaldırmışdıq ki, erməni əsilli Rusiya vətəndaşı Margarita Simonyanın başçılıq etdiyi Sputnik adlı medianın dünyanın hər tərəfindəki təmsilçilikləri anti-Azərbaycan təbliğatı aparır. Hətta Azərbaycandakı təmsilçilik belə bizim haqlı davamıza nəinki töhfə vermir, milli maraqlarımızla daban-dabana zidd yayım siyasəti həyata keçirir. Bundan fərqli olaraq Sputnik Armenia İrəvanda oturub bir erməni mediası kimi fəaliyyət göstərir. Hətta o həddə ki, bəzən sırf Ermənistan mediası olan ayrı-ayrı nəşrləri belə kölgədə qoyaraq bayağı təbliğat aparır. Belə olan halda Azərbaycan niyə bu medianı öz ərazisində saxlamalıdır? Yəni biz belə bir sualla məsələni ictimailəşdirmişdik.

Məsələyə təpki də yetərincə oldu. Cəmiyyətin ayrı-ayrı kəsimləri bu məsələdə vahid mövqedən çıxış etdi. Eyni zamanda siyasi mövqeyindən asılı olmayaraq insanların çəkici bir zindana vurduğunun şahidi olduq. Amma aradan bir az keçəndən sonra sanki ehtiraslar soyudu. Yaxud da bizə elə gəlir.

Azər Həsrət anti-Azərbaycan media qurumlarından imtinaya çağırdı

Hər halda, nə baş verməsindən asılı olmayaraq biz məsələni diqqətdə saxlayırıq, saxlamağa da davam edəcəyik. Mövqeyimiz də qətidir, birmənalıdır: Sputnik Azərbaycan ölkədən çıxarılmalıdır! Bunun alternativi varmı? Ola bilər. O haqda aşağıda qısa qeydlərimizi təqdim edəcəyik. Ona qədərsə daha önəmli məqamların üzərində durmaq istərdik.

Bu Sputnik bütövlükdə Rusiya mediası kimi təqdim edilsə də hər halından bir erməni təbliğat maşını olduğu aşkardır. Yəni bu medianın sahibləri onu Rusiyanın kölgəsində qurmaqla iz itirməyi hədəfləyiblər. Deyə bilərik ki, buna nail də ola biliblər. Düzdür, bizim kimi ölkələr məsələnin əsl mahiyyətini fərq edir. Amma dünyanın əksər ölkələrində bunun fərqinə vara bilməyiblər və Sputniki bir rus mediası kimi qəbul edirlər. Bu da M.Simonyanın işinə çox yarayır. Çünki o, Sputnik üzərindən gerçəkləşdirdiyi erməni təbliğatını Rusiyanın adı altında aparmaqla izi azdıra bilir.

İndi hər halından erməni təbliğat maşınının balası olduğu bilinən bir mediaya biz bu çətin dövrdə belə niyə dözməliyik? Başında duran M.Simonyan bütün çıxışlarında Azərbaycanı və bir xalq olaraq bizi aşağılayır, Sputnik şəbəkəsinin bütün həlqələri dünyanın hər tərəfində bizə qarşı təbliğat aparır, bizsə ona hələ də Bakının ən gözəl yerində ofis vermişik, meydan açmışıq. Belə olarmı? Yaxud da belə olmalıdırmı? Əsla!

Bir dəfə demişdik, təkrar edirik: Azərbaycan dövləti bu Sputniki rədd etməklə öz ləyaqətini qorumalıdır. Biz o dövlətlərdən deyilik ki, kimlərsə gəlib burnumuzun düz ucunda, havamızı udaraq, suyumuzu içərək bizə qarşı hədsizlik etsin! Biz o dövlətlərdənik ki, gərək olduğunda hər kəsə yerini göstərməyi bacarırıq və 2020-ci ilin 44 günlük Vətən Müharibəsində bütün dünya buna şahid oldu. Ona görə də hazırda media sahəsindəki bu hərcmərcliyi də yoluna qoyub növbəti dəfə bu davranışımızı sərgiləməkdə gec qalmamalıyıq.

Yeri gəlmişkən, bu Sputnik təkcə anti-Azərbaycan deyil. M.Simonyanın türklərə olan nifrəti biz türkləri bu məsələdə əməlli-başlı birləşdirir. O baxımdan Sputnik eyni qaydada qazaxları, özbəkləri, qırğızları, türkmənləri, türkiyəliləri də daim hədəfdə saxlayır, təhqir edir, aşağılayır. Yəni M.Simonyan türk düşmənliyini gizlətmir, açıq təbliğatını aparır. Özü də bunu Rusiyanın adı altında edir. Bu yolla da Rusiya ilə adı keçən xalqlar arasında uçurumu daha da dərinləşdirir.

Hələ biz onu demirik ki, M.Simonyan və kompaniyasının belə davranışı səbəbsiz deyil. O, həqiqətən də çalışır ki, Rusiya mümkün qədər gözdən düşsün, qonşu xalqlarla arası açılsın, yalnız Ermənistana möhtac qalsın. Bir baxıma buna nail olmağı bacarır da. Hazırda Rusiyaya qonşu dövlətlərdən yalnız Ermənistan bu və ya digər şəkildə ona açıq rəğbət ifadə edir. Digərləri bunu etməmək və eyni zamanda Quzey ayısından zərər görməmək üçün müxtəlif manevrlərə getməli olurlar. Rusiyaya belə durum lazımdırmı? Təbii ki, yox. Amma təbliğat maşınını M.Simonyan kimilərinin əlinə verəndə olacağı bu idi elə.

Onu da qeyd edək ki, Rusiyanın hazırda içinə düşüb heç cür çıxa bilmədiyi Ukrayna bataqlığı da elə M.Simonyan kimilərinin beyninin məhsuludur. Bəli, o boyda dövlət öz təbliğat vasitələrini M.Simonyan, onun əri Tigran Keosayan, yaxud Karen Şahnazarov kimi ermənilərin ixtiyarına buraxıb. Üstəlik də Rusiyada çox sayda media qurumları, özəlliklə də TV kanalları ermənilərin birbaşa, bəzən də dolayısıyla nəzarəti altındadır. İndi mediası bu türk düşmənliyinə söykənən ermənilərin əlində olan Rusiya qonşu dövlətlərlə düşmən olmasın da, nə olsun? Rusiya ya bu səhvi düzəltməlidir, ya da bizim bir dövlət olaraq atacağımız addım bəllidir: Sputnik Azərbaycan qapadılmalı, kollektivin Azərbaycandan olan üzvləri işsiz qalmasın deyə uyğun şəkildə başqa media orqanlarında yerləşdirilməlidir. Hə, bənzər media qurumuna ehtiyacımız varsa (məncə də var), onda biz təcrübə və bacarığımızı dövlətimizə təqdim etməyə hazırıq.

Sputniklə bərabər daha bir məsələ də həllini tapmalıdır. Elə indi. Azərbaycanın bütün kabel TV kanallarının təqdim etdiyi paketlərin ən azı 50 faizi Rusiyanın anti-Azərbaycan kanallarıdır. Onların da əksəriyyəti ermənilərin nəzarətindədir. Və bu kanalları bizim kabel yayımçılarımız Azərbaycan tamaşaçısına pulla satır.

Təsəvvür edirsinizmi? O kanallar gecə-gündüz bizi yıxıb-sürüyür, ələ salır, aşağılayır, kabel yayımçılarımız isə bunu veclərinə belə almadan pul qazanmağa davam edir! Bu baxımdan dövlət konkret addımlar atmalıdır. Ümumiyyətlə isə kabel yayımı da daxil olmaqla milli təəssübkeşliyi olmayan heç kimə TV yayımı ilə məşğul olmağa imkan verilməməlidir!

Sonda məxsusi vurğulamaq yerinə düşər ki, Sputnik Armenia günü bu gün də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin adlarını ermənilərin qondardığı şəkildə yazır, yayır. Halbuki bir Rusiya mediası olaraq bu məsələdə neytral davranmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınan haqlarına hörmət etməlidir bu Sputnik Armenia. Amma etmirlər. Niyə? Niyəsini uzun müddətdir izah edirik.

Sputniklə bağlı bütün göstəricilər onun məhz anti-Azərbaycan, antitürk olduğunu, bu məqsədlə qurulduğunu, Rusiyanın adı altında gizlənərək erməni təbliğatına xidmət etdiyini təsdiqləyir. O baxımdan nəinki Azərbaycan, digər türk dövlətləri də Sputniki öz ərazilərindən rədd etməlidirlər.

Alternativ təklif də ola bilər. Hərçənd bunun mümkünlüyünü qəbul etmirik, amma dilə gətiririk: M.Simonyan və onun kompaniyası büsbütün Sputnikin idarəetməsindən uzaqlaşdırılarsa, bəlkə nəsə düşünmək olar. Əks halda Azərbaycan vaxt itirmədən bu medianı bizim ərazimizdən çıxarmalıdır. Yoxsa gecikirik və bunun da fəsadları olduqca zərərlidir.

Hələ nəzərə alaq ki, Sputnik təkcə azərbaycan və rus dillərində deyil, bir sıra vacib xarici dillərdə də yayımla məşğuldur. O dillərdə Azərbaycan haqqında nələr yazırlar, yayırlar, bundan heç xəbərimiz də olmur.

Gətirib oturtmuşuq evimizin içində, sonra da deyirik ki, niyə dünya bizi eşitmək istəmir? İstəməz də. Bizimlə bağlı bizə qarşı xəbərləri Sputnikin birbaşa Bakı yayımlarından öz dillərində alanlar niyə bizi eşitsin ki?..

Mission News Theme by Compete Themes.