Press "Enter" to skip to content

Rusiya Moldovaya hücum edərsə

Dr. Yücel Karauz

Son yeniləmə: 6 May 2022 11:48

Yücel Karauz: Bu, əslində, üçüncü dünya müharibəsinin başlanması demək olacaq

Bayraqdar.info – “Rusiya-Ukrayna müharibəsi artıq 71-ci gününə qədəm qoyub. Bəlli olduğu kimi Rusiya müharibənin ilk günündə arzuladığı siyasi və hərbi hədəflərə çata bilmədi. Nəticədə də Rusiya öncə qarşısına qoyduğu strateji hədəfləri kiçiltmək məcburiyyətində qaldı. Belə ki, təxminən 15 gün öncə Rusiya bütün gücünü sadəcə Donbas və Mariopol üzərində cəmləşdirmək zorunda qaldı”

Bunu Rusiya-Ukrayna müharibəsindəki son durumu bayraqdar.info üçün dəyərləndirən Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Rusiya bu gün etibarı ilə uzaqmənzilli ballistiuk raketləri ilə həm qurudan, həm də dənizdən Ukraynanın strateji nöqtələrini atəşə tutur: “Rusiya bununla müharibə meydanında arzulayıb da hələ əldə edə bilmədiyi qalibiyyətə görə qəzəbini soyutmaq istəyir. Eyni zamanda 9 may Qələbə bayramı ərəfəsində Rusiya siyasi və hərbi baxımdan daxildə güclü görünmək üçün hansısa hədəfə çatmaq, yəni Mariopolu tam olaraq ələ keçirmək istəyir. Ona görə də bütün gücünü bura, “Azovstal” zavoduna yönəldib. Çünki dediyim kimi Rusiya 9 may günü heç olmasa bu şəhəri tam ələ keçirdiyini bəyan etmək istəyir. Daha dəqiq desək, Mariopol, Krım və Donbası birləşdirərək zəfər qazandığını elan etmək istəyir”.

Rusiyanın Moldovaya da hərbi müdaxilə edəcəyinə dair yayılan məlumatlara gəlincə, müsahibimiz öncə onu bildirib ki, müharibənin uzanması ilə onun NATO ölkələrinə sıçramaq təhlükəsi da artır: “Rusiya dövlət televiziyasında Ukraynaya yardım edən NATO üzvü ölkələrinə cavab veriləcəyinə dair fikirlər səslənir. Bundan başqa, son vaxtlar Moldova məsələsi də xüsusi olaraq gündəmə gəlib. Müharibənin Moldovaya sıçrayacağına, Rusiyanın hərbi müdaxiləsinin Moldovanı da əhatə edəcəyinə dair fikirlər daha da artıb. Hesab edirəm ki, bu fikirlər reallaşarsa o zaman bu, Rusiya-Ukrayna müharibəsi çərçivəsindən çıxaraq Qərblə Rusiya arasında müharibəyə çevriləcək. Bu, əslində, üçüncü dünya müharibəsinin başlanması demək olacaq”.

Türkiyəli general hesab edir ki, Rusiyanın indiki durumda belə bir qərar qəbul edəcəyi az inandırıcı görünür: “Çünki hazırda Rusiya hərbi baxımdan böyük itkilər verib. Eyni zamanda, beynəlxalq arenada Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da öz sözünü deyir. Belə bir çətin durumda Rusiyanın Moldovaya hərbi müdaxiləsinin ən böyük zərbəsi elə Rusiyanın özünə dəyəcək. Ən azından bu addım İsveç və Finlandiyanın NATO-ya üzv olmasını sürətləndirəcək. Bu isə bölgədəki problemi daha da dərinləşdirəcək”.

Mission News Theme by Compete Themes.