Press "Enter" to skip to content

Gəncədə Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi

Gəncə şəhəri

Son yeniləmə: 6 May 2022 10:48

Bayraqdar.info – Gəncə Dövlət Filarmoniyasında Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində “Rənglənmiş tarix” adlı foto-sərgi təşkil olunub. Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, foto-sərgi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Uşaq və yeniyetmələrə dəstək” İctimai Birliyi (UYD) tərəfindən təşkil edilib.

Sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə Bölgəsinin müdiri Həsən Məmmədov iştirak ediblər. Bundan başqa, qonaqların arasında “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan şairi Əhməd Cavadın nəvəsi Süleyman Axundzadə, şairin nəticəsi, onun adını daşıyan Prezident mükafatçısı Cavad Axundzadə, şairin kötücəsi Nərgiz Əhməd qızı da olub. Eləcə də, tədbirdə şəhər ziyalıları, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət incəsənət işçiləri iştirak ediblər.

“Sərgidə Şuşa musiqiçilərinə məxsus ağ-qara fotoların rəqəmsal üsullar ilə rənglənmiş versiyaları nümayiş olunub. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları yer alıb”. Naziriyin xəbərində belə deyilir.

Mission News Theme by Compete Themes.