Son yeniləmə: 6 May 2022 10:10
Bayraqdar.info – Qardaş Türkiyənin Antalya şəhəri möhtəşən və tarixi bir tədbirə ev sahibliyi edir. Belə ki, 5-7 may tarixlərində burada Antalya Beynəlxalq Yörük Türkmən Festivalı keçirilir.
Dünyanınn 29 ölkəsindən yörüklərin qatıldığı festivala hazırlıq işləri başa çatıb. Artıq Antalya tarixi qonaqlarını qəbul edib.
Xatırladaq ki, Antalya Böyükşəhər Bələdiyyəsinin başqanı Muhittin Böcek ötən ayın sonlarında tədbirlə bağlı mətbuat kofransı keçirmişdi. Festivalın keçiriləcəyi məkanda qurulmuş yörük çadırlarının birində media təmsilçiləri ilə görüşən M.Böcək maraqlı açıqlamalar vermişdi. Qeyd edilmişdi ki, mayın 6-da Antalyadakı Cümhuriyyət meydanında Atatürk abidəsinin önünə çələng qoyulması və oradan Karaalioğlu Parkına qədər davam edəcək Yörük köçü yürüşü ilə başlayacaq festivalda yörük mədəniyyətinin bütün yönləri təqdim olunacaq.
Yuxarıda qeyd olunduğu kimi festivala 29 ölkədən yörüklər qatılıb. Həmçinin Türkiyə daxilində 11 Böyükşəhər bələdiyyəsi, 28 il-ilçə bələdiyyəsi, 14 muxtar dərnəyi də festival məkanında çadır qurub. Həmin məkanda eyni zamanda 128 dərnəyin masaları qurulub.
“Festivalda köçəri mədəniyyətimizlə bağlı at cirit nümayişi, at üstündə güləş, döyüş oyunları, oxatma şouları və xalq oyunları, aşıq deyişmələri, sərgilər və s. tədbirlər keçiriləcək. Musa Eroğlu, Kubat, Zara kimi dəyərli sənətkarlarımız verəcəyi konsertlərlə bayramımıza rəng qatacaq. Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi və Xalq Oyunları Dərnəyi özünəməxsus xalq rəqsləri tamaşalarını nümayiş etdirəcək”, – deyə bələdiyyə başqanı əlavə etmişdi.