Press "Enter" to skip to content

Azərbaycan və FAO arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur

Ceyhun Bayramovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qu Donqyu ilə görüşü

Son yeniləmə: 6 May 2022 17:20

Bayraqdar.info – Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumata əsasən, nazir C.Bayramov Qu Donqyunu salamlayaraq Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə əmədaşlığa hər zaman önəm verdiyini vurğulayıb: “Cari ildə BMT-də üzvlüyümüzün 30 ilinin qeyd edildiyini bildirən nazir, bu müddət ərzində Azərbaycan və FAO arasında qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırdığı ifadə edilib”.

O da vurğulanıb ki, Baş direktor Qu Donqyu Azərbaycanda olmaqdan və ölkə rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlərdən məmnunluğunu ifadə edib: “O, Azərbaycanın ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensiala sahib olduğunu vurğulayıb. Baş direktor kənd təsərrüfatı sahəsində rəqəmsal keçid, innovasiyaların tətbiqi, fermerlərin təhsili kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib”.

Nazir C.Bayramov görüşdə həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işlərindən danışıb. O cümlədən kənd təsərrüfatı, alternativ enerji sahələrində aparılan işlər və bu ərazilərdə tətbiq edilən “ağıllı kənd” konsepsiyası barədə məlumat verilib: “Nazir, bərpa və quruculuq prosesində BMT-nin ixtisaslaşmış qurumları ilə yaxşı əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb”.

Baş direktor Qu Donqyu isə öz növbəsində FAO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Görüşdə aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, tədqiqat-inkişaf (R&D) layihələri, habelə kənd yerlərinin rəqəmsal inkişafı mövzusunda ətraflı müzakirələr aparılıb, bu sahələr üzrə Azərbaycan və FAO arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Mission News Theme by Compete Themes.