Son yeniləmə: 4 May 2022 18:40
Bayraqdar.info – “Qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox işi bu il görə bilək. Hələ, deməli, ilin 4 ayı keçib, görüləcək işlər çoxdur. Ona görə keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə, qeyd etdiyim kimi, yaxın zamanlarda icra olunacaq. Digər layihələrə də mütləq başlamaq lazımdır”.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu sözləri Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Ölkə başçısı qeyd edib ki, Zəngilan şəhərinin Baş planının ilkin versiyası ona təqdim edilib. “Prinsip etibarilə bu, məqbuldur. Amma, əlbəttə ki, göstəriş vermişəm ki, daha geniş diskussiyalar, müzakirələr aparılsın. Siz də təbii olaraq bu işlərə dərhal qoşulun. Zəngilan şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək. Həm xarici görünüşü çox gözəl olmalıdır, rahatlıq olmalıdır, həm də bütün ekoloji standartlar burada təmin edilməlidir və tətbiq olunmalıdır. Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin ediləcəkdir”, – deyə dövlət başçısı qeyd edib.