Press "Enter" to skip to content

Türkiyə dövlət ağlı ilə idarə edilən bir ölkədir

Güngör Yavuzaslan

Son yeniləmə: 3 May 2022 21:50

Güngör Yavuzaslan: Türkiyə öz siyasətini kiminsə istəyinə uyğun deyil, müstəqil həyata keçirir

Bayraqdar.info – “Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə qarşı bu cür açıqlamaları ilk dəfə deyil. Amma hər kəs bilməlidir ki, əvvəla Türkiyə müstəqil dövlətdir. Öz siyasətini kiminsə istəyinə uyğun deyil, müstəqil həyata keçirir. Konkret V.Zelenskinin etirazına gəlincə, Türkiyə bütün turistlər üçün açıq ölkədir. Rusiyalı turistlər də, ukraynalı turistlər də ölkəmizə gəlib dincələ bilər. Türkiyənin 50 milyon turist hədəfi var. Yəni bunun mühairbə ilə hər hansı bağlılığı yoxdur”.

Bunu Ukrayna Prezidenti V.Zelenskinin Türkiyənin Rusiyadan olan turistləri qəbul etməsinə etiraz olaraq dediyi sözləri bayraqdar.info üçün dəyərləndirən tanınmış köşə yazarı, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneğinin genel başqanı Güngör Yavuzaslan deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin ilk günündən tərəfsiz yanaşma sərgiləyir və bu günə qədər də həmin siyasətinə sadiqdir: “Türkiyə həm Ukrayna, həm də Rusiya ilə əlaqlərini davam etdirir. Bu məsələdə iqtisadi və ticarət əlaqələri öz yerində, amma müharibə şərtlərinə uyğun da müəyyən addımlar atılır. Məsələn, Türkiyə Montrö Boğazlar Razılaşmasına uyğun addımlar atır. Hava məkanını həm Ukrayna, həm də Rusiya üçün açıq saxlayır. Amma bu məqamda V.Zelenskinin unutduğu bir məsələni də xatırlatmaq yerinə düşər. Türkiyə Rusiya hərbi təyyarələrinin Suriyadan Türkiyə üzərindən keçməklə uçuşlarına icazə vermədi. Bu, olduqca mühüm önəm kəsb edir. Çünki Rusiya bu təyyarələrlə Suriyadakı hərbi bazalarındakı hərbi texnikanı artıq Ukraynaya apara bilmədi”.

G.Yavuzaslan bildirib ki, Türkiyə dövlət ağlı ilə idarə edilən bir ölkədir: “Bunu hər kəs, o cümlədən V.Zelenski də yaxşı bilməlidir. Ümumiyyətlə V.Zelenski diplomatik balansı qoruya bilmir. Halbuki indiki məqamda o, həmişəkindən daha çox həssas olmalı, proseslərə dövlət ağlı ilə yanaşma sərgiləməlidir. Hazırda onun ölkəsi işğal edilir və mövcud müharibə şərtlərində Ukraynanın Türkiyənin dəstəyinə ehtiyacı var. Digər tərəfdən, V.Zelenski unutmamalıdır ki, Türkiyə Krım və Donbas da daxil Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığını müdafiə edən, bunu Rusiya tərəfinə də açıq bəyan edən bir ölkədir. Türkiyə bu müharibənin bir an öncə durması üçün bütün imkanlarını ortaya qoyan bir ölkədir. Türkiyə bu müharibədən qaçqın düşən çoxsaylı ukraynalıya qucaq açan bir ölkədir”.

“Mən V.Zelenskinin ciddi bir şəkildə ABŞ və İngiltərənin təsiri altında olduğunu düşünürəm. Yəni o, müharibə şərtləri daxilində milli və müstəqil siyasət yürüdə bilmir, daha çox kənardan edilən təsirlər əsasında addım atır. Nəhayət, Ukrayna Prezidentinin fikirlərinə cavab olaraq onu qeyd etmək istəyirəm ki, Türkiyəni V.Zelenski deyil Recep Tayyip Erdoğan idarə edir”, – deyə müsahibimiz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.