Son yeniləmə: 4 May 2022 13:53
Yeni yaşayış kompleksində artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilb
Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda açılışı olan yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Bu barədə bayraqdar.info-ya mayın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyindən məlumat verilib.
Geniş sosial dəstək proqramı icra olunur
Məlumata əsasən, mənzillərin təqdim edilməsi zamanı vurğulanıb ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramı icra olunur.
Artıq 100 min şəxsi əhatə edən və onlara 166 min xidmətin göstərildiyi bu sosial dəstək proqramının əsas istiqamətlərindən biri olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib.
Postmüharibə dövründə artıq 3 min 500 mənzil və fərdi ev təqdim edilib
Qeyd edilib ki, ƏƏSMN tərəfindən şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70 faiz çox, yəni 1572 mənzil/ fərdi ev verilib.
2021-ci ildə isə bu proqram 3 il əvvələ nisbətən 5 dəfə genişlənib və ötən il 3 min mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin kompleksdə mənzillə təmin olunan şəhid ailəsi ilə görüşərkən dövlətimizin başçısı “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur” deyə bildirib. Bu sözlər şəhid ailələri və müharibə əlillərinin xüsusi qayğı ilə əhatə olunması, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasında da öz əməli təsdiqini tapır. Postmüharibə dövründə artıq 3500, ümumilikdə ötən dövrdə 12 min 500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib”.
Yeni yaşayış kompleks bütün zəruri infrastrukturla təmin olunub
Məlumatda bildirilib ki, yeni mənzillərlə təmin edilən şəhid ailələri və müharibə əlilləri daim dəstəklə əhatə olunduqlarını vurğulayıblar: “Onlar göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər”.
“Xatırladaq ki, yeni yaşayış kompleksi doqquzmərtəbəli 12 binadan, 576 mənzildən ibarətdir. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası, bir inzibati bina inşa olunub, sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin olunub”, – deyə sonda əlavə edilib.