Press "Enter" to skip to content

Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal təhlükə

Yeganə Hacıyeva

Son yeniləmə: 4 May 2022 18:50

Yeganə Hacıyeva: Keşmiş SSRİ məkanına daxil olan bəzi ölkələr işğal riski ilə üzləşməmək üçün çıxış yolları axtarırlar

Bayraqdar.info – “Rusiya-Ukrayna müharibəsi regional və qlobal baxımdan çoxsaylı problemlər, o cümlədən təhlükələr yaradıb. Məhz bu müharibə fonunda müşahidə edilən proses eyni zamanda dövlətlərin təhlükəsizliyi məsələsinin hazırda daha aktual olduğunu üzə çıxarıb. Bu, xüsusilə də özünü Rusiya-Ukrayna cəbhəsi ətrafındakı ölkələrdə daha qabarıq şəkildə ortaya qoyur. Hazırda keşmiş SSRİ məkanına daxil olan bu ölkələr hər an xarici müdaxilə, daha da açıq dillə desək işğal riski ilə üzləşməmək üçün çıxış yolları axtarırlar”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, bu ölkələrin narahatlıqlarına əsas səbəb isə Rusiyanın son illər qonşu ölkələrə artan müdaxilələridir: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda cərəyan edən proseslər, həmçinin, Kreml təmsilçilərinin Ukrayna ilə yanaşı bəzi başqa ölkələri də hədələməsi sıradan bir məsələ deyil. İndi belə bir fikir formalaşıb ki, əgər Rusiya dünənə qədər müttəfiqi, hətta qardaşı olan Ukraynanı bu vəziyyətə saldısa, onda digər ölkələrə gözünü qırpmadan istədiyini edə bilər. Təbii ki, bu da həmin ölkələri öz təhlükəsizlikləri barədə hazırda daha çox düşünməyə vadar edir. Məhz bu düşüncə fonunda da ikili, yaxud üçlü ittifaqların, birliklərin yaradılması, müttəfiqlik və ya eyni ittifaqda birləşmək sazişlərinin imzalanması ətrafında baş sındırılır”.

Y.Hacıyevanın sözlərinə görə, son vaxtlar Moldovanın Rumıniya ilə birləşə biləcəyinə dair səslənən fikirlər də məhz bu narahatçılıqdan irəli gəlir: “Görünən odur ki, dünənə qədər Rusiyanı özlərinin təhlükəsiliyinin qarantı kimi görən ölkələr bu gün Kremli həmin təhlükəsizliyə bir nömrəli hədə kimi qəbul edirlər. Dediyim kimi, bu da təsadüfi deyil. Rusiyanın Ukraynaya qarşı işğalçı hücumu, həmçinin Qərb ölkələri kəşfiyyatının “Moskvanın növbəti hədəfi Moldovadır” kimi həyəcanlı məlumatları bir həqiqəti ortaya çıxarıb. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada sülhün və təhlükəsizliyin keşiyində durmalı olan Rusiya, əksinə özü regional və qlobal məkanda təhlükə, təhdid mənbəyinə çevrilib”.

Politoloq onu da əlavə edib ki, bu hadisələr eyni zamanda, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının düşünülmüş, uzaqgörən siyasət həyata keçirdiyini bir daha sübut edir: “Görünən odur ki, Azərbaycan və Türkiyə rəhbərləri hələ bir il öncə Şuşa Bəyannaməsini imzalamaqla, bu gün meydana çıxan və gələcəkdə çıxa biləcək regional və qlobal təhlükələri də önləmiş olublar. Yəni indi Moldovanın da, Ukraynanın da axtarışında olduğu müttəfiqlik sazişinin nümunəsi bir il öncə Şuşada ortaya qoyulub. Bu sənədin imzalanması ilə biz öz ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin təminatı istiqamətində tarixi addım atmışıq. Onu da deyim ki, Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan faktiki olaraq NATO üzvü olan ölkə ilə müttəfiq olub. Bəli Türkiyə bizim qardaşımızdır. Amma Türkiyə yekunda həm də NATO üzvüdür və Şuşa Bəyannaməsini eyni zamanda, NATO üzvü olan ölkə ilə Azərbaycan arasında imzalanmış müttəfiqklik müqaviləsi kimi dəyərləndirə bilərik. Bir sözlə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezdenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti bu məsələdə də öz sözünü deyir. Ümumiyyətlə bu siyasət hər keçən gün ölkəmizi daha da gücləndirir”.

Mission News Theme by Compete Themes.