Son yeniləmə: 3 May 2022 20:45
Aydın Hüseynov: Sosial siyasətin əsas istiqamətini şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, ümumiyyətlə imtiyazlı təbəqəyə dövlətin diqqət və qayğısı təşkil edir
Bayraqdar.info – “Sosial dövlət olan Azərbaycanda əhalinin bütün təbəqələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Reallaşdırılan sosial islahatlardan hər kəsə pay düşüb və bu addımlar davamlı xarakter daşıyır”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Atılan addımlar dövlətimizin iqtisadi gücünə əsaslanır
Deputat qeyd edib ki, atılan bu addımlar, sosial sahədə həyata keçirilən işlər dövlətimizin iqtisadi gücünə əsaslanır: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf edib, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları daha da artır. Bu uğurlar, artan iqtisadi imkanlarımız isə özünü bütün sahələrdə, o cümlədən sosial sahədə də ehtiva edir”.
Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır
Deputat bildirib ki, Azərbaycanda Vətən müharibəsindən əvvəl olduğu kimi, postmühairbə dövründə də sosial sahəyə xüsusi önəm verilir: “Postmüharibə dövründə də sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib”.
Postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib
A.Hüseynovun sözlərinə görə, sosial siyasətin əsas istiqamətini şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, ümumiyyətlə imtiyazlı təbəqəyə dövlətin diqqət və qayğısı təşkil edir: “Azərbaycanda şəhid ailələrinin dövlət hesabına mənzillərlə təminatı, müharibə veteranlarına avtomobillər verilməsi, onların sosial problemlərinin həlli üçün görülən işlər hər kəsə bəllidir. Məlumat üçün bildirim ki, Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3 min, postmüharibə dövründə 3 min 500 mənzil verilib. Beləliklə, ümumilikdə 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7 min 400 müharibə əlili avtomobillə təmin olunub. Bir sözlə, görünən odur ki, dövlətimiz şəhid ailələri, qazilər, müharibə veteranları, ümumiyyətlə imtiyazlı təbəqə üçün lazım olan hər şeyi edir”.
Sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirakı da bəhs edilən istiqamətdə göstərilən dövlət qayğısının daha bir sübutudur: “Açılışda məlumat verildiyi kimi, doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil var. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib. Onu da qeyd edim ki, şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi heç də təsadüfi deyil. Çünki humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir”.
“Beləliklə, biz görürük ki, vətən uğrunda canından keçən şəhidlərin ailələri, o cümlədən qazilər və müharibə veteranları, ümumiyyətlə imtiyazlı təbəqə şəxsən cənab Prezidentin diqqət mərkəzindədir. “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur”, – deyən dövlət başçısı onu da bəyan edib ki, bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, – bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Hesab edirəm ki, bu, şəhid ailələri, qazilər və digər imtiyazlı təbəqənin təmsilçilərinin bütün problemlərinin həllinin dövlət başçısının diqqət mərkəzində olmasının bariz sübutudur”, – deyə millət vəkili sonda əlavə edib.