Son yeniləmə: 4 May 2022 18:13
Bayraqdar.info – “Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur”.
Bu sözləri Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı daha sonra bildirib: “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.
“Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq”.