Son yeniləmə: 4 May 2022 17:34
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan repatriasiya olunmuş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlayıb.
Bu barədə bayraqdar.info-ya mayın 4-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, səyyar formada həyata keçirilən psixoloji konsultasiyalar zamanı travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilir. Nəticəsinə uyğun olaraq həm repatriasiya edilmiş uşaqlar, həm də ailə üzvləri ilə psixoloji və sosial-psixoloji dəstək işləri aparılır.
Qeyd edilib ki, aprel ayı ərzində artıq 20 ailəyə səfərlər edilib və 46 nəfəri uşaq olmaqla, ümumilikdə 57 repatriantla 62 seans həyata keçirilib: “2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir”.