Son yeniləmə: 4 May 2022 18:31
Bayraqdar.info – “Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir”.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildrilir ki, bu sözləri Prezident İlham Əliyev mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin etdiyi Vahid Hacıyevi onlayn qəbulu zamanı bildirib.
Ölkə başçısı qeyd edib ki, azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, həm də əkinçiliklə. Hyevandarlıqla Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarında, əkinçiliklə isə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında məşğul olmaq olar.
“Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu, birinci, nümunəvi bir aqropark olacaq. Əminəm ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. Necə ki, indi sənaye zonaları yaradılır həm Cəbrayıl rayonunda, həm Ağdam rayonunda.
“Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik”, – deyə Prezident bildirib.
O, həmçinin vurğulayıb ki, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq başlanılıb: “Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat verilmişdir. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni, kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.
“Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur və mən həmin rəqəmləri səsləndirmişdim. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Biz bunu peyk vasitəsilə müşahidə edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu, faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur”.