Press "Enter" to skip to content

58 milyon kubmetr suyun təyinatı üzrə istifadəsi planlaşdırılır

Son yeniləmə: 4 May 2022 09:14

Bayraqdar.info – Lənkəranda 58 milyon kubmetr suyun təyinatı üzrə istifadəsi planlaşdırılır.

Bunu bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, yazın gəlişi Lənkəranda suvarma mövsümünə hazırlıq işlərini sürətləndirib. Təsərrüfatların, həyətyanı sahələrin su təminatını yaxşılaşdırmaq məqsədilə arx və kanallarda təmizləmə, suvarma şəbəkələrində təmir işləri aparılır.

Qeyd edilib ki, Lənkəranda 9 min 533, Astarada 2 min, Lerikdə isə 406 hektar əkin sahələrinin suvarılması Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən həyata keçirilir: “Əsasən suvarma mənbəyi kimi Xanbulançay su anbarı, Lənkərançay, sututarlar və subartezian quyulardan istifadə olunur. Suvarma suyuna olan tələbatın böyük hissəsini ümumi tutumu 52 milyon kubmetr olan Xanbulançay su anbarı ödəyir. Su anbarında hazırda 47 milyon kubmetr su ehtiyatı var və suvarma mövsümünə qədər anbarın tam doldurulması nəzərdə tutulub”.

Bildirilib ki, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin 1976-cı ildən bu günə kimi əsas fəaliyyəti kənd təsərrüfatı torpaqlarını suvarma suyu ilə təmin etməkdir: “İdarənin balansında 1 min 685 km uzunluğunda suvarma şəbəkəsi mövcuddur. Hazırda suvarma mövsümünə hazırlıq işləri tam sürətlə davam edir. İstər əl əməyi ilə olsun, istər texnika vasitəsilə lildən təmizlənmə işləri həyata keçirilir, həmçinin kanalların üzərində olan hidrotexniki qurğular nəzarətdə saxlanılır”.

Suvarma ilə yanaşı Lənkəran və Astaranın müəyyən qədər içməli su təminatı da Xanbulançay su anbarı vasitəsilə həyata keçirilir: “Hərəkət istiqamətinə uyğun olaraq su sağ və sol sahil magistral kanalları ilə verilir. Bu magistral kanalların üzərində yerləşən su nasos stansiyaları daim diqqətdə saxlanılır və suvarmaya hazır vəziyyətə gətirilir. O cümlədən əkin sahələrinə və yaşayış məntəqələrinə bəzi hallarda təhlükə yaradan çayların qarşısını almaq üçün həmin ərazilərdə texnikalar vasitəsi ilə məcra təmizləmə və sahilbərkitmə işləri görülür”.

D.Şərifov deyib ki, Lənkəranda may ayında başlayacaq suvarma mövsümü sentyabrın əvvəllərində bitəcək: “Rayonun əsas əkin sahələri bostan, tərəvəz, sitrus və giləmeyvə bağları, çəltik, taxıl və çay səhələridir. Son dövrlərdə çiyələk sahələrinin artması müşahidə olunur. Ən çox su tələb edən bitki çəltik olduğundan əsasən çəltikçiliklə məşğul olan təsərrüfatçılarla mütəmadi əlaqə saxlanılır, su ehtiyatlarından qənaətlə istifadə etmələrinə ciddi nəzarət olunur. Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən bu il əkin sahələrinin suvarılması üçün hazırlıq işləri artıq yekunlaşmaq üzrədir”.

Mission News Theme by Compete Themes.