Son yeniləmə: 30 Aprel 2022 09:28
Bayraqdar.info – İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramının 2022-ci il üzrə müsabiqəsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd Nazirlikdə yüksək potensiallı kadrların ehtiyat bazasının formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, hərtərəfli inkişafı üçün daha əlverişli şəraitin yaradılması, həmçinin idarəetmə sahəsində təcrübə mübadiləsinin təşkil edilməsidir.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Uğur yolu” Karyera İnkişaf Proqramında İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan ali təhsilli bütün əməkdaşlar iştirak edə bilər: “Seçim 4 mərhələ üzrə aparılacaq: Qeydiyyat, test imtahanları, yarımfinal və final mərhələləri. Müsabiqədə iştirak üçün qeydiyyat 2022-ci ilin 4 may tarixindən başlayacaq. Proqramın hər bir mərhələsi üzrə veriləcək tapşırıqlar iştirakçıların bilik və bacarıqlarını sınamasına, təcrübə qazanmasına və potensialının aşkara çıxarılmasına yönəlib. Müsabiqənin qalibləri inkişaf proqramına cəlb ediləcəklər”.
Qeyd edilib ki, “Uğur yolu” Karyera İnkişaf Proqramının 2021-ci ildə ilk müsabiqəsi keçirilib və uğurlu nəticələr əldə olunub: “Belə ki, İqtisadiyyat Nazirliyinin 22 əməkdaşı müsabiqədə qalib gəlib. Qaliblər müxtəlif təlimlərin, kouçinq sessiyalarının, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramının daxil olduğu inkişaf proqramına cəlb olunublar. Proqram iştirakçıların karyera inkişafı üçün fürsət olmaqla yanaşı, İqtisadiyyat Nazirliyində korporativ mədəniyyətin formalaşmasına, Nazirliyin strukturu üzrə bütün əməkdaşlar arasında işgüzar əlaqələrin genişlənməsinə, effektiv ünsiyyətin formalaşmasına şərait yaradıb”.