Bayraqdar.info – Aprelin son həftəsində Bərdə Mədəniyyət Evinin qarşısındakı meydanda qələbəlik və şən ovqat hökm sürürdü. Burada 9 rayonun 15 Qadın İnkişaf və Müəssisə Qrupundan olan 170-dən çox kənd qadını festival keçirirdi. Orqanik kənd təsərrüfatı məhsulları, ləziz təamlar, dadından doymaq olmayan şirniyyatlar, gözoxşayan tikmə-biçmələr, gül-çiçəklə bəzədilmiş masalar bacarıqlı qadınların əlinin məharətindən xəbər verirdi. Təsadüfi deyil ki, Kənd Qadınlarının Peşə Festivalı da məhz belə adlanırdı: “Əllərimin Səsi”.
Bu haqda xəbəri bayraqdar.info-ya aprelin 30-da Azərbaycan Kənd Qadınları Assosiasiyasından veriblər.
Xəbərdə daha sonra bildirilir: “Peşə festivalı olsa da qadınlar öz dadlı-ləzzətli məhsullarını satışa çıxarmaqla kifayətlənməyib bolluca şənləndilər. Bərdə Regional Mədəniyyət Mərkəzinin kollektivinin musiqi çələngi də festivala xüsusi coşqu qatdı. Kənd qadınlarının bütün meydan boyu davam edən yallısı, şux rəqslər, mahnılar, muğam ifaları bir-birirni həmahəng əvəzləyirdi. Bu yaxınlarda peşə təlimi keçmiş 6 qadın qrupunun üzvlərinin artıq ustad dərslərini nümayiş etdirməsi isə xüsusi maraq doğurdu”.
“Bu rəngarəng fəaliyyətlər, qadınların çöhrəsini bürüyən təbəssüm, gələcəklərinə dair əminlik – bütün bunlar Gülbəniz Qənbərovanın rəhbəri olduğu Azərbaycan Kənd Qadınları Assosiasiyasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə, habelə Mədəniyyət Nazirliyi və Cultural Networking House İB-nin tərəfdaşlığı ilə həyata keçirdiyi “Kənd qadınlarının peşə bacarıqlarının artırılması və Bərdə şəhərində peşə festivalının kerçirilməsi” layihəsi sayəsində baş tutub. Davamı mütləq gəlsin! Axı “Qadın gülərsə, dünya gülər”, – deyə xəbərdə bildirilir.