Press "Enter" to skip to content

Akademik Milli Dram Teatrı beynəlxalq festivala gedir

Son yeniləmə: 30 Aprel 2022 10:18

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mayın 5-dən 9-dək Türkiyədə keçiriləcək Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatr festifalda Azərbaycanı V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə ölkəmizi təmsil edəcək.

Bu barədə bayraqdar.info-ya teatrın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, festival Trabzon şəhərində baş tutacaq: “Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə – mayın 7-8-də Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək. Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır. Səhnə əsərində teatrın aktyorları rola alıb. Tamaşanı Nərmin Həsənova idarə edir. İlk tamaşa 2019-cu ildə oynanılıb”.

O da bildirilib ki, səhnə əsərinin dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub: “Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir”.

Mission News Theme by Compete Themes.