Son yeniləmə: 6 Yanvar 2023 19:40
Bayraqdar.info – Yolumuz abidələr diyarı Xaçmazadır. Qonağımız var. Qazaxıstan Respublikasının fəxri vətəndaşı, Qazaxıstan və Azərbaycan Jurnalistlər birliklərinin üzvü, ictimai xadim, Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında “Qarabağ. Evə uzun bir yol” kitabının müəllifi Nəsihə Gumarqızı Kenjina ilə yol yoldaşı olmaq şərəfi mənə də nəsib olub. Hörmətli qonaq Qarabağa, Şuşaya səfərindən sonra baş redaktorumuz, Əməkdar jurnalist Azər Həsrətin dəvətilə Xaçmaza səfər edir. Qeyd edim ki, Şuşa səfəri zamanı da N.Gumarqızını A.Həsrət müşayiət edib.
İndi isə bayraqdar.info-nun baş redaktoru hörmətli qonağı Xaçmaza – öz dədə-baba yurduna aparır.
A.Həsrət yolboyu keçdiyimiz şəhər, rayon və qəsəbələr barədə Azərbaycan sevgisi ilə şövqlə qonağı məlumatlandırır. O, bacardığı qədər qonağa daha geniş bilgilər verməyə çalışır. Həmçinin, yol boyu Qazaxıstandan gəlib 1-ci Qarabağ müharibəsində döyüşərək şəhid olmuş Yerbol Barımbetov barəsində də söz açılır.
Onların söhbətinə mane olmuram. Sakitcə avtomobilin pəncərəsindən get-gedə yaşıllığa bürünən, ağ çiçəklərdən özünə gəlinlik paltarı biçən ağacları müşahidə edirəm. Yaz fəslini sevməyən varmı? Hərdən otların ətri avtomobilin pəncərəsindən içəri vurur və xoş rayihəli bu qoxudan zövq alaraq yolumuza davam edirik. Yol sanki yaşıl tuneldən keçir, ağaclardakı quşların cəh-cəhi də başqa bir aləmdir.
Nəhayət, uzaqdan Xaçmaz rayonunun möhtəşəm girişi görünür. Yaşıllıqlar isə sadəcə göz oxşayır.
Bu da Xaçmaz. Rayonun girişində “Xaçmaza xoş gəlmisiniz” yazısı olan yerdə bir xatirə fotosu çəkdiririk. Qonağımız ətrafı maraqla seyr edir. Sözün düzü, bu rayonda bir dəfə olmuşam, o da gecə vaxtı idi. Başdan-başa rəngarəng işıqlarla bəzədilmiş, maraqlı abidələrlə zəngin olan Xaçmaz adamda qəribə hisslər oyadır. İnsanda bir həyat eşqi yaradır.
Və artıq şəhərə çatırıq. Yolboyu tarixi şəxsiyyətlərin heykəl və büstlərini, böyük samovar, lampalar, müxtəlif heyvan heykəl və fiqurlarını görən qonaq heyranlığını gizlətmir. Fotoaparatını daim hazır vəziyyətdə tutub. Bəyəndiyi yerdə avtomobili saxlayırıq, o da istədiyi fotoları çəkir.
Heydər Əliyev Mərkəzində
A.Həsrət əvvəl bizi rayonun Heydər Əliyev Mərkəzinə aparır.. Mərkəzin direktoru Könül Əsgərova bizi isti qarşılayır, Nəsihə xanıma xüsusi hörmət və diqqət göstərir. Mərkəzi gəzirik. Könül xanım Mərkəz və Ulu öndər Heydər Əliyev barədə, onun Xaçmaza səfərləri haqqında qonağa müfəssəl məlumat verir.
Möhtəşəm binadakı nəhəng çilçıraqlar, tavanda rəssamın əli ilə çəkdiyi nəfis naxışlar, üzərində ümummilli lider Heydər Əliyevin portretləri həkk edilmiş böyük vazalar qonağın diqqətini çəkir. K.Əsgərova Nəsihə xanıma Ulu öndərin fotoları haqqında geniş danışır. Eyni zamanda Prezident İlham Əliyevin Ulu öndərin ənənəsini davam etdirərək Xaçmaza xüsusi diqqət və qayğısı haqqında danışır, divardakı tablolarla fikirlərini izah edir. Nəsihə xanım “Qarabağ. Evə uzun bir yol” kitabını Mərkəzin direktoru Könül xanıma təqdim edir.
Mərkəzlə ətraflı tanışlıqdan sonra Nəsihə xanım Mərkəzin “Xatirə kitabı”na ürək sözlərini yazır.
Mərkəzi tərk edirik və bu dəfə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yollanırıq.
Muzeydə maraqlı kompozisiyalar bizi valeh etdi
Qapıdan içəri girəndə sanki nağıllar aləminə düşürsən. Muzeyin direktoru Pakizə Mehdiyeva qonaqları gözləyir. Bizi çox isti qarşılayan Pakizə xanım Muzeylə tanış edir. Buradakı görüntünü sözlə ifadə etmək mümkün deyil. Bu Muzeyi gərək ziyarət edəsən. Muzeyin pəncərələrindəki rəngli şəbəkə şüşələri, nəhəng çilçıraqları və ibtidai icma quruluşundan tutmuş ta indiki dövrə qədər olan zaman kəsimləri haqqında epizodik kompozisiyaları bizi valeh etdi. Nənə-babalarımızın işlətdiyi əl dəzgahları – yun əyirən, yun darayan, taxıl üyüdən daşlar, təndir və s. bu kimi əşyaları işlədən milli geyimli maketlərdən ibarət kompozisiyalar Nəsihə xanımın çox xoşuna gəlir.
Milli baş örtüyümüz olan kəlağayı ilə maraqlanan Nəsihə xanım onu başına örtərək şəkil çəkdirir.
Təbii ki, mən də bu fürsəti əldən buraxmıram və Xaçmazda milli kəlağayı ilə bir şəklim olsun deyirəm.
Muzeyin ikinci mərtəbəsində müxtəlif dövrlərin bölgəyə aid geyimlərini nümayiş etdirən maneken maketləri qoyulub.
Daha sonra Muzeydə diqqətimizi böyük kurqan maketi cəlb edir. Direktor Pakizə xanım bizi kurqan maketi və digər eksponatlarla tanış edir. Eksponatların tarixi haqqında qonaqla bərabər biz də məlumatlanırıq. Bu Muzeydə qədim pullar, gümüş kəmərlər, gil, mis və tunc qablar, qədim dulusçuluq alətləri və s. qorunur.
Muzeydən ayrılmaq istəməsək də, ayrılmağa məcburuq. Axı Nəsihə xanıma Azərbaycanın bir kəndini də göstərməliyik. Bu da A.Həsrətin dədə-baba yurdu olan, Bakıda az qala bütün dostlarının-çevrəsinin yaxşı tanıdığı-bildiyi Dədəli kəndi olacaq.
Nəsihə xanım Muzeyin xatirə kitabına da ürək sözlərini yazır və biz oranı tərk edirik.
Qarşıda bizi Şəxsiyyətlər Muzeyi ilə tanışlıq gözləyir. Böyük parkda salınmış açıq Muzeydə Azərbaycanın görkəmli şəxsiyyətlərinin büstləri səf alıb. A.Həsrət qonağa həmin tarixi şəxsiyyətlər haqqında bilgi verir.
Nahardan sonra Dədəli kəndinə yola düşürük. Dədəli rayon mərkəzindən 18 km məsafədə yerləşir. Kəndin mərkəzi küçəsində Azərbaycan, Türkiyə və Pakistanın bayraqları asılıb. Ümumiyyətlə isə Xaçmazdın hər tərəfində tez-tez Azərbaycan və Türkiyə bayraqları gözə dəyir. Dədəli kəndinin mərkəzində şəhidlərin xatirə abidəsi də var.
Nəhayət ki, Dədəli kəndində A.Həsrətin yaşıllığa qərq olmuş ata-baba evinə çatırıq. Çay süfrəsindən sonra Nəsihə xanım indiyə qədər heç vaxt fındıq ağacı görmədiyini, yalnız Xaçmazda fındıq ağacları ilə tanış olduğunu bildirir. Bağdakı fındıq ağacı ilə şəkil çəkdirir. Daha sonra A.Həsrət onu bağdakı digər ağac və otlarla tanış edir. Qazaxıstan aulları və adət-ənənələrindən danışan Nəsihə xanıma Xaçmaz səfəri çox gözəl təsir edib. Bunu onun “Nə yaxşı ki, bura gəldim” deyə təkrarlamasından bilirik.
…Xaçmaz gəzintisindən maraqlı təəssüratlarla geri dönürük. Bakı isə bizi xəzri küləyi ilə qarşılayır.
Bakı-Xaçmaz-Bakı, 22 aprel 2022-ci il