Son yeniləmə: 29 Aprel 2022 15:26
Bayraqdar.info – 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Prezidentin Sərəncamının icrası məqsədilə Zaqatalada aprelin 27-dən 29-na qədər müxtəlif məzmunlu maarifləndirici silsilə tədbirlər təşkil edilib. Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, tədbir Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
“Gənc mədəniyyət işçilərinə motivasiya təlimi ilə başlayan tədbirdə uğurun sirləri və məqsədyönlü fəaliyyətin nəticələrinə dair sahə əməkdaşları ilə fikir mübadiləsi aparılıb. Uğur hekayəsini bölüşən təlimçilər əlda olunan nailiyyətlərin davamlı və məqsədyönlü fəaliyyətə bağlı olmasını iştirakçıların diqqətinə çatdırıblar.
“Təlimin ardınca “Mədəniyyət sahəsində liderlik” mövzusunda debat keçirilib. Mövzu ətrafında müzakirələr şəklində keçirilmiş debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı müəyyən çətinlikləri qeyd ediblər.
“Silsilə tədbirlər çərçivəsində Zaqatala Tarix Mədəniyyət Qoruğunda gənc mədəniyyət işçiləri arasında “Cıdır düzü” adlı intellektual yarışma qeyri-rəsmi mühitdə təşkil olunub. Bilik yarışmasında Balakən, Qax, Oğuz, Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərindən ibarət 5 komanda iştirak etmiş, yarışmanın qalibi işə Şəki komandası olmuşdur. Qalib komandaya Mərkəz tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.
“Tədbirin bədii hissəsində əsrlərdir yaşadılan multukulturalizm ənənlərinə uyğun müxtəlif xalqların rəqsləri, musiqiləri və mahnıları nümayiş olunmuş, yerli rəssamın rəsm əsarlərindən ibarət sərgiyə baxış keçirilmiş və yerli xalqların dilində səsləndirilən şeirlər dinlənilib”. Məlumatda belə deyilir.