Son yeniləmə: 29 Aprel 2022 13:17
Ukrayna XİN: Rusiya təkcə Ukraynanı deyil, xaricdəki istehlakçıları da qarət edir
Bayraqdar.info – “Ukrayna Xarici İşlər Nazirliyi Xerson vilayətində Rusiya Federasiyasının fermerlərin məhsullarının qondarma ekspropriasiyası ilə bağlı cinayət əməllərini qətiyyətlə pisləyir. RF Krasnoyarsk diyarının Qanunvericilik Yığıncağının bu qərarı Ukraynada 1921-1923-cü illərin kütləvi süni aclığına, 1932-1933-cü illərin Qolodomoruna və 1946-1947-ci illərin kütləvi süni aclığına görə məsul Sovet hökumətinin cinayət siyasətinin birbaşa davamından başqa bir şey deyil. Rusiya, işğalçıların “ekspropriasiya” adlandırdıqları taxıl oğurlamaqla stalinistlərin və nasistlərin işini davam etdirir”.
Bu sözlər Ukrayna XİN-in Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərindən Rusiyanın qanunsuz taxıl çıxarması ilə bağlı şərhində öz əksini tapıb.
Ukraynanın Azərbaycandakı səfirliyndən bayraqdar.info-ya verilən məlumata görə, şərhdə daha sonra deyilir: “Xerson vilayətindən taxılın talan edilərək çıxarılması, eləcə də Ukrayna limanlarından daşınmaların bloklanması və gəmiçilik yollarının minalanması dünyanın ərzaq təhlükəsizliyini təhdid edir. Ümumilikdə, Ukrayna bütün dünyada demək olar ki, 400 milyon insanı ərzaqla təmin edir və Ukrayna taxılı ənənəvi olaraq Avropa, Şimali Afrika, Yaxın Şərq və Asiyaya ixrac edilir”.
Vurğulanır ki, Rusiya öz qanunsuz hərəkətləri ilə faktiki olaraq təkcə Ukraynanı deyil, xaricdəki istehlakçıları da qarət edir: “BMT-nin hesablamalarına görə, RF-nin Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibə nəticəsində ərzaq çatışmazlığı səbəbindən təxminən 1,7 milyard insan yoxsulluq və aclıqla üzləşə bilər. Bundan əlavə, Rusiya Ukraynada səpin aparılmasına qəsdən mane olmağa davam edir, kənd təsərrüfatı texnikasını sıradan çıxarır və bütün ölkəmizə raket zərbələri endirir”.
“Ukrayna taxılının cinayətkar şəkildə çıxarılması Rusiyanın destruktiv hərəkətlərinin daha bir sübutudur ki, bu da xüsusilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əsas prinsiplərini – ərzaq təhlükəsizliyinin təmin edilməsi və aclığın aradan qaldırılması prinsiplərini pozur. İşğalçı dövlətin bu cür siyasəti onun FAO və digər beynəlxalq təşkilatlara üzvlüyünün məqsədəuyğunluğunu şübhə altına alır.
“Biz Rusiyadan qeyri-qanuni taxıl oğurluğunu dayandırmağı, Ukrayna limanlarını blokdan çıxarmağı, gəmiçilik azadlığını bərpa etməyi və ticarət gəmilərinin keçməsinə icazə verməyi tələb edirik. Biz beynəlxalq ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü dayandırmaq, humanitar fəlakətin və dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin pisləşməsinin qarşısını almaq məqsədilə iqtisadi sanksiyaları gücləndirməyə çağırırıq”, – deyə şərhdə daha sonra bildirilir.