Son yeniləmə: 30 Aprel 2022 18:27
Bayraqdar.info – Aprelin 29-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya Milli QHT Forumundan məlumat verilib.
Bildirilib ki, Təlimdə giriş nitqi ilə çıxış edən Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni layihənin əsas məqsədi haqqında məlumat verib: “Layihənin məqsədi Bakı QHT Resurs və Təlim Mərkəzinin üzvü olan QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və digər) dəstəyin təşkil olunması bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir”.
Daha sonra, Sumqayıt şəhəri İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov Sumqayıt şəhərində fəaliyyət göstərən QHT-lər haqqında məlumat verib. Tədbir iştirakçıların çıxışları ilə davam edib. Mədəni İnkişafın Təbliği İctimai Birliyinin sədri Xatirə Fərəcova vətəndaş cəmiyyətinin inkişafında Bakı QHT Təlim və Resurs Mərkəzinin əhəmiyyətli rol oynadığını bildirib.
Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova çıxış edərək, Qeyri-Hökumət Təşkilatlarında könüllülük hərəkatının geniş vüsət almasından danışıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mansurov isə QHT-lərin ölkəmizin təbliğində daha çox işlər görməsinin vacibliyindən danışıb.
“Qeyd edək ki, Bakı QHT Resurs və Təlim Mərkəzi Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lərin tədbir və layihələrini yüksək səviyyədə təşkil olunması üçün hər bir texniki avadanlıqla təchiz olunub. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən QHT-lər üçün hüquqi, eyni zamanda davamlı tərzdə artması və inkişafı üçün əlverişli mühit yaradılacaq. Buna əsasən, layihə çərçivəsində ictimai, dövlət və özəl sektorda milli QHT-lərin işinin və potensial rolunun artmasına yardım göstərilməsi, vətəndaş cəmiyyəti quruculuğunda milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərilməsi, hökumət, milli və beynəlxalq donorlar, texniki müəssisələr, mətbuat və xüsusi agentliklərlə əlaqələrinə kömək göstərilməsi nəzərdə tutulur”, – deyə məlumatda əlavə olunub.