Son yeniləmə: 29 Aprel 2022 17:49
Bayraqdar.info – Mayın 26-da “Günümüzün gəncləri” adlı konsert keçiriləcək. Konsert “Gənclərə dəstək” layihəsi çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında baş tutacaq.
Bu barədə bayraqdar.info-ya aprelin 29-da Filarmoniyadan məlumat verilib.
Bildirilib ki, konsertdə Prezident təqaüdçüləri, Respublika və beynəlxalq müsabiqələr laureatları – violin ifaçısı Zərrin Əliyeva və violonçel ifaçısı Orxan Hüseynov çıxış edəcəklər.
Qeyd edilib ki, solistlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəridilər: “Zərrin Əliyeva – Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın sinfində, Orxan Hüseynov isə Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadənin sinfində təhsil alır”.
Məlumat əsaəsn konsertdə gənc ifaçılara pianoçular – Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Arzu Səfərova və Respublika, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli müşayiət edəcəklər.Eləcə də gecədə orqan ifaçısı- beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova çıxış edəcək.
O da vurğulanıb ki, “Gənclərə dəstək” layihəsinin ideya müəllifi Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Xalq Artisti Murad Adıgözəlzadə, koordinatoru musiqişünas Ayla Kərimova-Zəkəriyyədir: “Layihə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi ölkədə gənc istedadların üzə çıxarılması, dəstəklənməsi, dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsidir. Ənənəvi olaraq ayda bir neçə dəfə keçirilən layihənin konsertləri klassik, xor musiqisi, muğam, caz və estrada musiqisi sahələrini əhatə edir”.