Press "Enter" to skip to content

Şuşada keçirilən Zəfər Qurultayı dünyaya bir mesaj oldu

Məcid Cavadi

Son yeniləmə: 21 May 2022 18:30

Məcid Cavadi: Azərbaycan 50 milyonluq azərbaycanlının mənəvi qibləgahıdır

Bayraqdar.info – 22-23 aprel tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Tarixə Zəfər Qurultayı kimi düşən bu ali tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Onlardan biri də Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadidir. Hazırda Türkiyədə yaşayan M.Cavadi ilə görüşüb, Qurultay təəssüratlarını öyrəndik və suallarımıza cavab aldıq.

Bunun bir başqa dəyəri və tarixi önəmi var

-Məcid bəy, siz tarixi bir tədbirin – Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndəsi kimi bu ali topalntıda iştirak etdiniz. Ümumilikdə qurultayı necə dəyərləndirirsiniz?

-Sualınıza tarixə ekskurs etməklə cavab vermək istəyirəm. Məlum olduğu kimi, ilk qurultay 21 il əvvəl, 2001-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilib. Hesab edirəm ki, həmin vaxt böyük uzaqgörənliklə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı dünyadakı bütün azərbaycanlıları, o cümlədən Güney Azərbaycan türklərini bir çətir altında birləşdirərək, gələcəkdə onların birgə fəaliyyətləri üçün atılan tarixi addım idi. Ötən müddət ərzində gəlinən yol, əldə edilən nəticə isə Ulu öndər Heydər Əliyevin zəhmətinin hədər getmədiyini ortaya qoyub. Mən dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların 44 günlük Vətən müharibəsində bir yumruq kimi birləşərək Azərbaycan Respublikasına dəstək nümayiş etdirmələrini xüsusi olaraq vurğulamaq istəyirəm. Ümumiyyətlə, bu qurultayları Azərbaycan dövlətinin dünya azərbaycanlılarına yönəlik uzaqgörən siyasətinin uğuru kimi dəyərləndirirəm. 5-ci qurultayın Şuşa şəhərində keçirilməsinin və bu ali tədbirin Zəfər Qurultayı adlandırılmasının isə bir başqa dəyəri və tarixi önəmi var.

Qurultayın Güneyli nümayəndələri Komitə sədri Fuad Muradovla birlikdə

Şuşa gerçək sahiblərindədir

-Elə növbəti sualım da məhz bununla bağlıdır. Dediniz ki, bunun tarixi önəmi var. Bu baxımdan qurultayın keçirilməsı məkanı olaraq Şuşanın seçilməsini həm də bir mesaj, bir çağırış kimi dəyərləndirmək olarmı?

-Birmənalı olaraq. Əvvəla mən “tarixi önəmi var” ifadəsini heç də təsadüfən işlətmədim. Çünki Şuşa zəfəri, Qarabağ zəfəri ilə Azərbaycan 200 illik qara ənənəyə son qoydu, uğursuzluq, torpaq itirmək tilsimini sındırdı. Bilirisiniz ki, son 200 ildə Azərbaycanın həm Quzeyində, həm də Güneyində torpaqlarımızı itirə-itirə gəlirdik. Bu müddət ərzində Zəngəzuru itirmişik, İrəvanı itirmişik, Güney Azərbaycanda bir çox bölgələrdə çox böyük assimilyasiya siyasəti gedib. Mədəniyyətimizi, tariximizi, tarixi abidələrimizi məhv ediblər. Lakin buna son qoyuldu və 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan torpaq itirmədi, əksinə, torpaqlarını işğaldan azad etdi. Məhz bu cür tarixi Zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.

Qurultay günlərindən xatirə fotosu: Məcid Cavadi Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə

Vətən müharibəsindəki Zəfərimizin simvolu olan Şuşada keçirilən Zəfər Qurultayı həm də bütün dünyaya bir mesaj oldu. Bununla Şuşanın Azərbaycan yurdu, bütün dünya azərbaycanlılarının mədəni qibləgahı olduğu hər kəsə bəyan edildi. Dostlarımız bunu sevinc və qürur hissi ilə müşayət etdilər. Düşmənlərimiz isə adəti üzrə öz kinlənləri qusdular. Amma reallıq ortadadır. Şuşa azaddır. Şuşa gerçək sahiblərindədir və dünya azərbaycanlılarının bundan sonra müntəzəm olaraq gələcəkləri bir diyar kimi daim inkişaf edəcək. Bu qurultay bir daha onu da sübut etdi ki, Azərbaycan dövləti bütün azərbaycanlıların ana vətəni olmaqla, onları mədəni və mənəvi baxımdan daha da sıx şəkildə bir çətir altında birləşdirmək üçün bundan sonra da davamlı addımlar atmaqda israrlıdır. Bu, çox uğurlu bir siyasətdir. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu uzaqgörən siyasətinə öz dəstəyini göstərməlidir.

-Prezident İlham Əliyev Qurultayda geniş və əhatəli çıxış etdi. Bu çıxışdan şəxsən siz hansı qeydləri götürdünüz?

-Ümumiyyətlə, Prezident İlham Əliyevin çıxışının hər br cümləsi bizlər üçün bir tezis, bir çağırış idi. Xüsusilə də Şuşada ermənilər tərəfindən törədilən dağıntılar məsələsini qeyd etmək istəyirəm. Ümumi qənaətim budur ki, Şuşa bir örnəkdir. Yəni Şuşada olduğu kimi, düşmənlərimiz zaman-zaman azərbaycanlıların tarixi mədəni irsini yox etmək üçün hər vasitəyə əl atıblar. Xalqımıza məxsus o tarixi mədəni irs Ermənistanda da yox edilib. Eyni zamanda Güney Azərbaycanda da zaman-zaman tarixi mədəni irsimizi yox etməyə çalışıblar. Nə yazıqlar ki, bəzən bu irs nümunələrinin bir qismini məhv etməyə nail də olublar. Məsələn, Təbrizdə birinci Pəhləvi dönəmində çox ciddi tarixi memarlıq abidələrimizi dağıtdılar. Urmiyada, Ərdəbildə də eyni addım atıldı. Eləcə də dilimiz, mədəniyyətimiz məhv edildi. Bir daha deyirəm ki, Şuşa örnəkdir.

Əslən Güney Azərbaycandan olan qurultay nümayəndələri. Arxadakı dağıdılmış bina işğal dövründə erməni vəhşiliyinin qurbanı olub

Hesab edirəm ki, cənab Prezidentin Şuşanın tarixi irsinə sahib çıxılması ilə bağlı fikirlərini bütün azərbaycanlıların tarixi irsinə sahib çıxılması kimi dəyərləndirməliyik. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən başqa bir məqam isə o idi ki, Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq. Bu, olduqca cəsarətli və lazmlı bir fikirdir. Cənab Prezident bununla Azərbaycanın milli maraqları naminə lazım olan bütün addımların bundan sonra da tərəddüd edilmədən atılacağı mesajını vermiş oldu. Bu, həm də bu gün dünyada yaşayan bütün azərbaycanlıların – 50 milyonluq azərbaycanlının mənəvi qibləgahı olan Azərbaycanın qətiyyətindən, gücündən xəbər verir. Bu, bizdə qürur hissi oyadır. Nə mutlu bizlərə ki, bu gün qüdrətli Azərbaycan və onun İlham Əliyev kimi qətiyyətli lideri var. Cənab Prezident çıxışında ərazi bütövlüyü ilə bağlı məqama toxunmaqla, əslində, Ermənistana deyil, onun arxasındakı güclərə də sərt mesajını ünvanlamış oldu. Özü də cənab Prezident bu mesajında yerlə-göy qədər haqlıdır. Çünki Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması bütün dünya azərbaycanlılarının tarixi varlığına qəsd etməkdir. Düşünürəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu işdə əlindən gələni etməli, Azərbaycan dövlətinə dəstək göstərməlidir. Son nəticədə bura bizim əsas qalamızdır.

Güneylilərin də mübarizəsi olmasaydı İran Ermənistana daha çox dəstək verəcəkdi

-Siz bu qurultayda həm də Güneyi təmsil edirdiniz. Ümumiyyətlə, Şuşadan Təbriz necə görünürdü və bu qurultayın Güneyə yansıması necə olacaq?

-Şuşa bizim üçün Zəfərimizi simvolizə edən Qələbə dağımızın zirvəsidir. Yenə Azərbaycan torpaqlarının işğal altında qalması illər boyu Güney Azərbaycanda ürək ağrısı ilə qarşılanıb. Bizlər də uzun illər Şuşa həsrəti, Qarabağ həsrəti ilə qovrulmuşuq. Güney Azərbaycan türkləri uzun illər Quzeydə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan mübarizəni çox yaxından izləyirdi. Eyni zamanda 44 günlük Vətən müharibəsinin hər saniyəsini belə izləyirdilər. Azərbaycan Ordusunun hər qələbəsi Güneydə böyük coşqu ilə qarşılanırdı. Onu da deyim ki, 44 günlük müharibədə güneylilər orada fars rejiminə, bu rejimin Ermənistana hərbi yardım etməsinə qarşı, həmçinin İranın ermənipərəst siyasətini neytrallaşdırmaq üçün silahlı qüvvələr daxilindən tutmuş bütün qurum və quruluşlarda, dini mərkəzlərdə, bütövlükdə İran cəmiyyəti daxilində inanılmaz mübarizə apardılar.

Dünya şöhrətli azərbaycanli fotoqraf Rza Diqqəti və Məcid Cavadi

Əgər bu mübarizə olmasaydı İran Ermənistana daha çox dəstək verəcəkdi. Zamanı gələndə yəqin ki, bunlar açıqlanacaq. İranın bu yanaşması da təəccüblü deyil. Çünki rejim təmsilçiləri deyirlər ki, Ermənistan türk dünyası arasında bir divardır və bu divarı bacara bildikcə qalınlaşdırmalyıq. Bunu Livan Hizbullahının keçmiş dini lideri Şeyx Sübhi Tüfeyli deyib. Bu, həmçinin Qasim Süleymaninin mövqeyi idi. O deyirdi ki, “İranda türklərin hakim olduğu yüz illər İranın tarixisiz dövrü olub. Biz o dövrü itirmişik”. Yəni bunlar Azərbaycanı hər zaman düşmən kimi görür. Bir sözlə, məhz Güney Azərbaycan türklərinin müqaviməti nəticəsində İranın anti-Azərbaycan syasəti müharibə dövründə bir növ zərərsizləşdirildi. Bu da onu göstərir ki, Güney Azərbaycan türkləri Şuşaya bir qibləgah kimi baxırlar.

Qurultayda 4 güneyliyə də medal verilməsi qürurverici məqamdır

-Qurultayda diaspor fəaliyyətlərindəki xidmətlərinə görə bir qrup nümayəndəyə mükafatlar, medallar verildi. Onlar arasında güneyli soydaşlarımız da oldu. Bu ondan irəli gəlirmi ki, diasporumuzun formalaşmasında və güclənməsində güneyli soydaşlarımız da fəal rol oynayıb?

-Bəli, tamamilə doğrudur. Qurultayda çoxlu güneyli iştirakçı vardı. Onlardan biri də mən idim. Mənim üçün böyük fəxr oldu ki, azad Şuşada keçirilən bu tədbirdə iştirak etdim. Bu, mənim həyatımda ən anlamlı, ən yaddaqalan və fəxr edə biləcəyim günlərdən biri oldu.

Məcid Cavadi qurultayda medalla təltif edilmiş güneylilərin əhatəsində

Qurultayda iştirak edən Güney Azərbaycanlıların profili də çox zəngin idi. O mənada ki onlar arasında bütün sahələrin təmsilçiləri vardı. Eyni zamanda qurultayda 4 Güney Azərbaycanlıya medal verildi ki, bu da ayrı bir qürurverici məqamdır. Sualınızın digər məqamına gəlincə, Güney Azərbaycan türkləri hər zaman diasporun formalaşmasında fəallıq göstəriblər. Bu fəallıq Vətən müharibəsi zamanı da bariz şəkildə göründü. Ona görə də qurultayda güneylilərin olması, həmçinin mükafat almaları təbiidir. Ümumiyyətlə, bizdə vahid bir milli ruh var.

Buna görə DİDK rəhbərliyinə və üzvlərinə təşəkkür edirəm

-5-ci Qurultay dünya azərbaycanlıları üçün hansı yol xəritəsini cızdı? Bundan sonra nə olacaq?

-Sualınıza cavab verməzdən öncə mən bu qurultayın təşkilinə və cənab Prezidentin tapşırığına müvafiq olaraq yüksək səviyyədə keçirilməsinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq edirəm. Başda sədr Fuad Muradov olmaqla Komitənin bütün əməkdaşları qurultayın yüksək səviyyədə keçməsi üçün var gücləri ilə çalışdılar. Biz onların bu fəaliyyətini qurultay nümayəndələrinin qəbulundan tutmuş onların Şuşaya aparılması, yerləşdirilməsi və iki gün qurultay zamanı göstərilən diqqət və qayğıda tam hiss etdik. Buna görə DİDK rəhbərliyinə və üzvlərinə təşəkkür edirəm. Bundan sonra nə olacağına gəlincə, ümumiyyətlə, bu qurultay da bir daha bir həqiqəti ortaya çıxardı. Diaspor siyasəti, xaricdə yaşayan azərbaycanlılar, onların qayğıları, problemləri, uğurları hər zaman Azərbaycan dövlətinin diqqətindədir. Ümumiyyətlə, diaspor siyasəti Azərbaycan dövlətinin xüsusi önəm verdiyi əsas məsələlərdən biridir. Bunu cənab Prezident çıxışında da açıq şəkildə dedi. Cənab İlham Əiliyev dedi ki, “biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir. Mən də öz həmkarlarımla, harada ki, azərbaycanlılar yaşayır, o ölkələrin rəhbərləri ilə daim bu məsələyə diqqət yetirirəm”. Azərbaycan dövləti xaricdə yaşayan hər bir azərbaycanlının qayğıları ilə maraqlanmaqla yanaşı onlardan gözləntiləri də var. Müasir dövrdəki, yəni postmüharibə dövründəki əsas gözləntilər diaspor təmsilçilərimizin tariximizi, xüsusilə də Zəfər tariximizi, dilimizi, mədənyyətimizi daha dərindən öyrənmələri və gələcək nəsillərə də aşılamaları ilə bağlıdır. Həmçinin, cənab Prezidentin çıxışında bəyan etdiyi kimi, diaspor təmsilçiləri yaşadıqları ölkələrin ictimaiyyətini Azərbaycan reallıqları, postmüharibə dövrü və Azərbaycan tarixi haqqında maarifləndirməlidir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.