Press "Enter" to skip to content

Rəqəmsal sahibkarlığın perspektivləri

Son yeniləmə: 28 Aprel 2022 12:46

Orxan Məmmədov: Aparılmış hesablamalar bəzi sahələr üzrə rəqəmsallaşmanın 10 dəfəyə qədər sürətləndiyini göstərir

Bayraqdar.info – Aprelin 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə təşkil olunub. Dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin, 70-ə yaxın iş adamının iştirakı ilə keçirilmiş budəfəki ictimai müzakirə “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusuna həsr olunub.

Orxan Məmmədov

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş ictimai müzakirədə ölkəmizdə həyata keçirilən rəqəmsallaşdırma siyasəti, əlverişli biznes mühitinin formalaşdırılmasında rəqəmsallaşdırmanın rolundan bəhs edilib. Həmçinin, rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə KOB subyektlərinə dəstək məsələləri müzakirə olunub.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin məqsədi barədə məlumat verərək, sahibkarlıq fəaliyyətində rəqəmsallaşmanın və innovativ həllərin yeni bizneslərin formalaşmasında önəmini qeyd edib. O, ictimai müzakirənin bu sahədə sahibkarların ehtiyaclarının, qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında ölkədə rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsini şərtləndirən proseslər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, transformasiya üçün zəruri olan müasir İKT infrastrukturunun təmin edilməsi və transformasiya prosesini apara biləcək ixtisaslı insan resurslarının mövcudluğudur. R.Nəbiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal pandemiyanın dünya iqtisadiyyatına mənfi təsiri ilə yanaşı,onlayn fəaliyyəti və rəqəmsal sahibkarlığı stimullaşdırdığını deyib. O, yeni bilik və bacarıqların inkişafına, rəqəmsallaşmanın sürətlənməsinə, yeni biznes proseslərin yaranması və inkişafına təkan verdiyini vurğulayıb.

Qeyd edilib ki, aparılmış hesablamalar bəzi sahələr üzrə rəqəmsallaşmanın 10 dəfəyə qədər sürətləndiyini göstərir. Son illər Azərbaycanda inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq, rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün xüsusi islahatlar aparılır, stimullaşdırıcı mexanizmlər tətbiq olunur. KOBİA-nın sahibkarlığın rəqəmsallaşdırılması, biznes fəaliyyətində innovasiyaları təşviq edən dəstək və xidmətləri barədə məlumat verən Agentlik sədri bu sahədə gələcək palanları da diqqətə çatdırıb.

Bildirilib ki, hazırda sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və elektronlaşdırılması məqsədilə “e-KOB evi” portalı yaradılmaqdadır. Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı KOB evində startaplar üçün “Equipment sharing” modeli əsasında mərkəz yaradılacaq. Burada müxtəlif texnoloji avadanlıqlar, serverlər və şəbəkə sistemləri startapların ortaq istifadəsinə veriləcək. Yaradılması nəzərdə tutulan model müəssisə startaplara və KOB-lara ən səmərəli istehsal proseslərini sınaqdan keçirmək imkanı verəcək.

Məlumata əsasən tədbirdə biznesin rəqəmsallaşdırması istiqamətində sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.