Press "Enter" to skip to content

Pandemiyanın məşğul qadınlara ziyanı müzakirə edilib

Vüsalə Hüseynli

Bayraqdar.info – “Azərbayanda pandemiyanın məşğul qadınlara vurduğu ziyanın miqyası olduqca böyükdür”.

Bu fikir Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi tərəfindən icra olunan “Qadınların məşğulluğunda COVID-19-un təsirlərinin ölçülməsi” layihəsinin təqdimat mərasimində səslənib.

Xəbəri bayraqdar.info-ya aprelin 28-də adı keçən Birlikdən veriblər.

Xəbərdə daha sonra deyilir: “Layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, Dövlət Statistika Komitəsinin 2019-cu il üzrə məlumatına görə, məşğulluq və işsizliyə görə müavinət alanların 47,6 faizini qadınlar təşkil edir. Ümumilikdə qadın işsizlərin sayı isə kişilərə nisbətən 40 faiz çoxdur. Burada maraqlı məqam ondan ibarətdir ki, ölkə üzrə işsiz qadınların sayı işsiz kişilərlə müqayisədə 40 faiz çox olsa da işsizlik müavinəti alanların arasında kişilərin xüsusi çəkisi daha çoxdur”.

Tədbirdə çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli bildirib ki, tədqiqatdakı rəqəmlər düşündürücüdür: “Aparılmış sorğunun nəticələri bir daha göstərdi ki, pandemiya dünya ölkələrində olduğu kimi, Azərbaycanda da sahibkarlığın inkişafına, xüsusilə qadınların məşğulluğuna ciddi zərbə vurub və bəzi sahələrdə bu problem hələ də davam edir”.

Tədbirdən görüntü
Tədbirdən görüntü

Daha bir çıxışçı, hüquq müdafiəçisi Mehriban Zeynalova bildirib: “COVID-19 bizə onu öyrətdi ki, istənilən fors-major situasiyaya hazır olmağımızda fayda var. O cümlədən düşünürəm ki, ölkədə mütləq uşaqlar və qadınların sosial və iqtisadi cəhətdən müdafiəsi üçün mexanizmlər işlənilməli və xüsusi paketlər təqdim edilməlidir”.

Bildirilir ki, tədbirdə QHT rəhbərlərindən Cəsarət Hüseynzadə, Ramil İskəndərli, Səbinə Ələkbərova, İlqar Hüseynli, Anar Xəlilov, Mətanət Əsgərqızı və digərləri təkliflərlə çıxış ediblər.

Mission News Theme by Compete Themes.