Press "Enter" to skip to content

“Barokko Günləri” bir-birindən gözəl musiqi nümunələri ilə yadda qaldı

"Barokko Günləri"

Son yeniləmə: 28 Aprel 2022 16:40

Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dörd gün davam edən “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Festival çərçivəsində keçirilən tədbirlərin tamaşaçılar tərəfindən yüksək qiymətləndirilməsi, tamaşa və konsert zallarının festival boyu anşlaqa səbəb olması, iştirakçıların dəfələrlə səhnəyə dəvət edilməsi Azərbaycanda ilk dəfə keçirilən “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalının uğurunun bariz nümunəsidir.

Bu barədə Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya aprelin 28-də xəbər verilib. Bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov olan festivalda, azərbaycanlı sənətçilərlə yanaşı Türkiyə, İtaliya, Gürcüstan, Ukraynadan olan kollektiv və solistlər də iştirak edib.

“Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilən K.V.Qlyukun “Orfey və Evridika” operası qazanılan uğura aparan yolun başlanğıcına çevrildi. Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi, rejissor Mikola Tretyak, quruluşçu xoreoqrafı Azərbaycan Respublikasının Xalq artisti Kamilla Hüseynova, xormeysteri Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

“Orfey obrazını Əməkdar artist İlham Nəzərov, Evridikanı Anastasiya Povajna (Ukrayna), Amurun partiyasını isə Əməkdar artist İnarə Babayeva ifa edib. Teatrın tarixində ilk dəfə idi ki, opera və balet artistləri eyni tamaşada solist qismində iştirak edirdilər.

“Bu minvalla Orfey obrazının Teatrın balet truppasının solisti Əməkdar artist Anar Mikayılov, Evridikanın isə qeyd olunan truppanın solisti Liana Praga (Azərbaycan) tərəfindən canlandırılması hər iki obrazın iki fərqli müstəvidən təfsirinə səbəb oldu. Tamaşanın uğurlu səhnə təcəssümü tapması yaradıcı heyətin yüksək peşəkarlığının bariz nümunəsidir.

“Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən “Georgian Sinfonietta” – Tbilisi Dövlət Kamera Orkestrinin “Barokko dövrünə səyahət” adlı konsertində gürcü solistlərlə yanaşı, Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova, Səbinə Əsədova və İlham Nəzərovun ifası festivala xüsusi rəng qatdı. Konserti Əməkdar artist Əyyub Quliyev idarə edirdi.

Aprelin 25-i isə iki böyük hadisə ilə yaddaşlara həkk oldu. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən dünya şöhrətli musiqi xadimi, Roma, San Karlo, Boloniya və digər önəmli teatrların rəhbəri olmuş, D’arte Lirica Osimo Akademiyasının bədii rəhbəri, Müslüm Maqomayev, Leyla Gəncər və onlarla digər məşhur vokal müsabiqələrinin münsiflər heyətinin üzvü, professor Vincenzo De Vivonun ustad dərsi vokal ifaçılıq məktəbimizin inkişafında dəstək rolunu oynayaraq festivalın dəyərini daha da artırmış oldu. Ustad dərsdə iştirak etmək istəyən vokal ifaçılarının siyahısının dərsin elan olunmasından qısa zaman sonra tamamlanması və dərs zamanı bir çox təhsil ocaqlarından ifaçıların iştirak etməsi festivalın barokko dövrü musiqisini sevən gənc musiqiçi nəslinin yetişməsində necə böyük rol oynayacağının bariz nümunəsi oldu.

“O gün həm də Azərbaycanda yalnız barokko dövrü musiqisini ifa edən D’Accordo ansamblının Kamera və Orqan Musiqisi Zalında “Şərqlə Qərbin ahəngində…” adlı konserti ilə yaddaşlara həkk olundu.

“Festivalın son günü italiyalı dünya şöhrətli klavesin ifaçısı Stefano Demikeli “Klavesin: Orkestrin kralı…” adlı solo konserti ilə Kamera və Orqan Musiqisi Zalında anşlaq yarada bildi.

“İlk dəfə idi ki, xarici klavesin ifaçısı Azərbaycanda solo konsertlə çıxış edirdi. Keçirilən konsert barokko dövrünün incisi olan klavesin alətinin günümüzdə də nə dərəcədə sevildiyinin bariz nümunəsinə çevrildi.

““Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı uğurla sonlandı. İstər İtaliya, Ukrayna, Türkiyə və Gürcüstanı təmsil edən musiqiçilərin ifası, istərsə də azərbaycanlı sənətkarların barokko dövrü musiqisini icra etməsi tamaşaçılar tərəfindən böyük rəğbət və alqışla qarşılanaraq yüksək qiymətləndirildi. Festival bir-birindən gözəl musiqi nümunələri ilə tamaşaçılarını saf, təmiz duyğulara qərq etdi”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.