Press "Enter" to skip to content

Azərbaycanda əməyin mühafizəsi üçün davamlı addımlar atılır

Son yeniləmə: 28 Aprel 2022 08:50

Aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günüdür

Bayraqdar.info – Artıq 19 ildir ki, 28 aprel tarixi Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd olunur. Hər il bu tarixdə dünyanın müxtəlif yerlərində çeşidli tədbirlər keçirilir, əməyin mühafizəsi sahəsində istər ayrı-ayrı ölkələrdəki, istərsə də ümumilikdə dünyadakı duruma nəzər yetirilir.

Qeyd etmək yerinə düşər ki, bu gün ilk dəfə 2003-cü ildə iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən elan edilib. Həmin vaxtdan etibarən hər il bu gün bir deviz altında qeyd edilir. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün isə “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn norma və standartlar

Məlumatda o da qeyd edilib ki, Azərbaycanda layiqli əməyin təminatı, işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarını) və bir protokolunu ratifikasiya edib.

Bildirilib ki, milli qanunvericilikdə əməyin mühafizəsi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn norma və standartlar təsbit olunub. Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını,əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatları və s. əhatə edir. Məcəlləyə əsasən, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürən tərəfindən işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyi göstərilməlidir.

İşəgötürənlərlə sosial dialoq müstəvisində işlər aparılır

O da vurğulanıb ki, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Bu istiqamətdə işəgötürənlərlə sosial dialoq müstəvisində işlər aparılır. İşəgötürənlərin və işçilərin iştirakı ilə ardıcıl maarifləndirmə tədbirləri təşkil olunur.

Eləcə də vətəndaş müraciətləri obyektiv şəkildə araşdırılır. Məlumata əsasən, aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün tədbirlər görülür, əməyin mühafizəsi normalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verilir.

Bundan başqa, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması işləri davam edir: “Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə həmçinin, əməyin mühafizəsi üzrə standart norma və qaydaların müəssisələrdə tətbiqinə dəstək verəcək”.

“Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzdində 2020-ci ildə təsis edilən Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə isə əmək və peşə sahəsində beynəlxalq tələblərə cavab verən milli standartların hazırlanması işlərini aparır. Artıq Komitə tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyən edən milli standart hazırlanıb və AZE İSO 45001 indeksi ilə qəbul edilib”, – deyə vurğulanıb

Sığorta sahəsində işçi hüquqlarının təminatına ciddi nəzarət olunur

Məlumata əsasən, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində işçi hüquqlarının təminatına da ciddi nəzarət olunur: “İki il əvvəl Nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsistemi ilə İcbari Sığorta Bürosunun bədbəxt hadisələrdən icbari sığorta üzrə elektron informasiya sistemi arasında inteqrasiya təmin edilib və bu sahədə qanunverciliyə əməl olunmasına elektron sistem üzərindən nəzarət gücləndirilib”.

Daha sonra qeyd edilib ki, yaxın günlərdə istifadəyə veriləcək Nazirliyin “Əmək və Məşğulluq” altsistemi işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması olacaq və rəqəmsal kadr uçotunun qurulmasını təmin edəcək. Yeni e-platforma əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinə riayət olunması və s. məsələlərdə də öz dəstəyini göstərəcək.

Mission News Theme by Compete Themes.