Press "Enter" to skip to content

Arıçılıq təsərrüfatının inkişafına dəstək

Son yeniləmə: 28 Aprel 2022 13:26

Bayraqdar.info – Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi”nə yekun vurulub. Xatırladaq ki, layihə“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə reallaşıb.

Bu barədə bayraqdar.info-ya “AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov layihənin əsas missiyası barədə məlumat verib. O, Cəmiyyət tərəfindən mütəmadi olaraq icra edilən bu tip layihələrin sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək göstərmək, əhalinin rifah halının yüksəldilməsinə xidmət etmək olduğunu qeyd edib.

Sədr müavini gələcəkdə də bölgədə kiçik və orta sahibkarlığın təşviqi üçün müvafiq layihələrin icra ediləcəyini vurğulayıb.

Daha sonra KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə koordinatoru Anar Əliyev çıxış edib. Çıxışda dövlət qayğısı sayəsində regionda sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlərdən bəhs edilib. Həmçinin, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verilib.

Çıxışda eyni zamanda sözügedən layihənin töhfələrindən da danışılıb. A.Əliyev təlimə cəlb edilmiş yerli fermerlərlə mütəmadi əlaqə saxlanılacağını və dəstəyin davam etdiriləcəyini qeyd edib.

Daha sonra təlim və praktiki məşğələlərdə iştirak etmiş Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçı fermerlər sertifikatlarla təltif ediliblər. Tədbir çərçivəsində Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları əkilib, günün sonunda fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib.

Mission News Theme by Compete Themes.