Press "Enter" to skip to content

Arıçılıq təsərrüfatlarının Qubadlıya köçü başladı – FOTO

Son yeniləmə: 28 Aprel 2022 14:06

Bayraqdar.info – Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirilib. Bu barədə bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib. Xəbərdə bildirilir ki, Qubadlı rayonunun yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü başlayır. Öz təsərrüfatlarını yaylaqlara köçürmək istəyən fermerlərin müraciətləri əsasında Nazirlikdə müvafiq siyahı hazırlanıb. Arıçı fermerlər Minatəmizləmə Agentliyinin təşkil etdiyi təlimlərə cəlb olunublar. Təlimlərdə fermerlərə mina və partlamamış sursatla çirklənmiş ərazilərdə davranış qaydaları izah olunub. Fermerlərdən köç edəcəkləri dislokasiya məntəqələrində təlimata uyğun davranacaqlarına dair iltizamnamə alınıb.

“Arıçıların yola salınmasında Nazirliyin rəsmiləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisinin rəhbəri Fatih Yılmaz, Türkiyə Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər, Qubadlı rayon icra hakimiyyətinin rəhbərliyi, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Peşəkar Arıçılar Birliyinin rəhbəri Elxan Ələkbərov, Qubadlı rayonundan olan arıçı fermerlər iştirak ediblər.

 

““Dağ Arıçıları” İctimai Birliyinin rəhbəri Yusif Quliyev tədbir iştirakçılarını salamlayaraq bu günün Qubadlı arıçıları üçün tarixi gün olduğunu bildirib. Qubadlıdan olan arıçıların öz təsərrüfatlarını bu il rayonun yaylaqlarına qaldıracağını deyən Yusif Quliyev bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

“Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov qeyd edib ki, 2021-ci ildə Kəlbəcər və Laçın laylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsinə dair həyata keçirilmiş pilot layihə uğurla nəticələnib. Layihənin yekun nəticələri təhlil olunduqdan sonra bu ildən arıçılıq təsərrüfatlarının köç edəcəyi yaylaqların siyahısına Qubadlı rayonunun yaylaqları da əlavə olunub. Bununla da 30 ilə yaxın fasilədən sonra Qubadlıdan olan arıçılar öz təsərrüfatlarını doğma yaylaqlara köçürmək imkanı əldə edirlər.

“Tədbirdə çıxış edən TİKA-nın Bakı Ofisinin rəhbəri F.Yılmaz iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini deyərək, təmsil etdiyi qurumun Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də layihələr həyata keçirdiyini deyib. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində arıçılıq təsərrüfatlarına texniki dəstək göstərilib.

““Dağ Arıçıları” İctimai Birliyi TİKA tərəfindən xüsusi konteynerlərlə təchiz olunub, Birliyin məhsullarının qablaşdırılmasına köməklik göstərilib. Təsərrüfatlardakı arı ailələri Qubadlı yaylaqlarına bu konteynerlərdə köçürüləcək. F.Yılmaz Qubadlı arıçıları üçün xüsusi əhəmiyyət kəsb edən bu gündə arıçıların sevincini bölüşməkdən məmnunluq duyduğunu deyib, arıçılara hər zaman dəstək olacaqlarını vurğulayıb.

“Türkiyə Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış Memorandum və sazişləri xatırladan müşavir nəzərdə tutulan bütün istiqamətlər üzrə birgə fəaliyyətin davam etdiyini deyib. H.Qələndər Qubadlı arıçılarının öz təsərrüfatlarını 30 illik fasilədən sonra doğma yaylaqlara köçürməsi münasibətilə təbrik edib.

“Daha sonra tədbir iştirakçıları Qubadlı rayonundan olan arıçıların təsərrüfatlara baş çəkib, arı ailələrinin köçə hazırlıq prosesini izləyiblər.

“2022-ci il Qubadlı rayonuna 38 arıçılıq təsərrüfatının köçürülməsi nəzərdə tutulub. Ümumilikdə Qubadlı yaylaqlarına 2 min 207 arı ailəsi köçürüləcək. Arı ailələri Qubadlı şəhər mərkəzinin ətrafında, Qazyan, Muradxanlı, Xanlıq, Mollu, Hal, Mahmudlu, Bəxtiyarlı, Tatar, Qaraçalı və Zilanlı kəndlərində yerləşdiriləcək. Nazirlik tərəfindən yaylaq mövsümü ərzində Qubadlı rayonuna köçürülmüş təsərrüfatların daimi monitorinqi aparılacaq”. Nazirliyin xəbərində belə deyilir.

Mission News Theme by Compete Themes.