Press "Enter" to skip to content

“Aqrar sahədə əməyin mühafizəsi”

Son yeniləmə: 28 Aprel 2022 16:29

Bayraqdar.info – Bakıda 28 aprel – Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar “Aqrar sahədə əməyin mühafizəsi” mövzusuna həsr olunmuş konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Dövlət Əmək Müfəttişliyi Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri iştirak edib.

Bu barədə bayraqdar.info-ya aprelin 28-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. “Tədbiri giriş sözü ilə açan Nazirliyin Aparat rəhbəri Rafail Quliyev bildirib ki, sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsi bütün dünyada ən aktual məsələlərdən biri sayılır. Hazırda ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olduğunu deyən R. Quliyev qeyd edib ki, aqrar sahədə intensiv olaraq maşın və aqreqatlardan, pestisidlərdən, həmçinin digər aqrokimyəvi maddələrdən istifadə edildiyindən bu sahədə əməyin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur, aqrar sahədə çalışan işçilər mütəmadi olaraq təlimlərə cəlb olunur.

“AHİK-in sədr müavini Cavanşir Alxasov əməyin mühafizəsinin təşkili və təmini işində həmkarlar ittifaqlarıının rolundan bəhs edib. O qeyd edib ki, işəgötürənlər həmkarlar ittifaqı komitələri ilə birlikdə əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirir.

Daha sonra sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən Nazirliyin tabeli qurumlarının rəhbərləri fəxri diplomlarla təltif olunublar.

“Konfrans öz işini “Əməyin mühafizəsi sahəsində çağırışlar” və “Aqrar sahədə əməyin mühafizəsi” mövzularına həsr edilmiş panel müzakirələrlə davam etdirib. Panel müzakirələrdə çıxış edən dövlət qurumlarının rəsmiləri əməyin mühafizəsi ilə bağlı standartlar, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılması, işçilərin layiqli əmək şəraiti ilə təmin olunmasına yönəldilmiş təşkilati, texniki, sanitar-gigiyenik və müalicəvi-profilaktik tədbirlər barədə təqdimatla çıxış ediblər. Təqdimatlardan sonra əməyin mühafizəsinin təşkili mövzusu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.