Press "Enter" to skip to content

28 aprelin uzantıları hələ də iş başındadır

Azər Həsrət

Son yeniləmə: 28 Aprel 2022 09:59

Bayraqdar.info – Bu gün o gündür. Bizə “qızıl” kimi təqdim edilən, əslində qıpqırmızı qan rəngində olan, elə mahiyyəti də qanla yoğrulmuş qırmızı rus ordusunun Azərbaycanı növbəti dəfə işğal etməsinin növbəti ildönümüdür.

28 apreldir bu gün. Çar imperiyasını devirib yerində guya daha mütərəqqi bir dövlət qurduğunu iddia edən Rusiyanın düz 102 il öncə məhz bu gün qanlı ordusuyla Azərbaycana təcavüz etdiyi gündür 28 aprel!

1920-ci ildə cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətini o qanlı lənət imperiyasının varisi olan Rusiya devirmişdi 28 aprel günü. Onunla da hazırkı Azərbaycan Respublikasının düz 70 illik növbəti əsarət tarixi başlamışdı.

Ruslar bizi sadəcə işğal etməmişdilər o günlərdə. Onlar işğala qədər də qan qardaşları və əlaltıları ermənilərlə birləşərək Azərbaycanın hər tərəfində soyqırımlar törətmişdilər. Yaşlı, gənc, uşaq, qadın demədən qarşılarına çıxan hər kəsi sorğu-sualsız öldürmüşdülər onlar. On minlərlə günahsız, bəzən də heç nədən xəbərsiz insanımız öldürülmüşdü 28 aprel 1920-yə qədər.

Ruslar və onların uzantısı olan ermənilər bu qanlı cinayətlərini törədərkən içimizdəki xainlər də yardımlarını əsirgəməmişdilər. Adlarını çəkib könül bulandırmaq istəmədiyimiz həmin xainlər bizim əcdadımızı içəridən xəncərləmiş, Azərbaycanın qapılarını rus-erməni qanlı cinayət dəstələrinə açmış və Şərqin ilk demokratik dövlətini çökdürmüşdülər.

Hazırda tarixin zibilliyində qərar tutmuş o xainlər iddia edirdilər ki, Azərbaycanın nicatı Rusiya ilə birlikdədir. Onlara görə, biz bir Şərq xalqı – türk milləti olaraq ruslar olmadan yaşaya bilmərikmiş!

Sonra nələr olmuşdu? Sonra olanlar daha dəhşətli idi!

Qanlı rus imperiyası Sovet İttifaqı adı altında bizim azadlığımızı daha da qısqaca almış, insanlarımızın nəfəs almasını belə nəzarətə götürmüşdü. Ardından da millətin ən aydın insanları şərlənərək həbsə atılmış, Sibirə sürgün edilmiş, kütləvi şəkildə güllələnmişdi. Bu da azmış kimi on minlərlə azərbaycanlı SSRİ adı altında gizlənən o lənət olası rus imperiyası tərəfindən Orta Asiyaya sürgün edilmişdi.

Bütün bunlar azmış kimi, tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistan adlı süni dövlətin ərazisindəki bütün türklər mərhələ-mərhələ yurdlarından qovulmuşdu SSRİ dönəmində. Bir zamanlar İrəvan belə türk şəhəriykən Sovetlərin qanlı siyasəti nəticəsində orada günümüzdə bir nəfər də olsun türk qalmayıb!

Rus imperiyası Sovet İttifaqı adı altında gizlənərək bizi bizə yadlaşdırmaqla məşğul oldu o 70 illik əsarət dönəmində!

Dilimizə əl uzadıldı! Milli kimliyimiz tapdandı! Namusumuz ayaqlar altına atıldı! Azərbaycan guya SSRİ-nin tərkibində müstəqil dövlət kimi mövcud olacaqdı, amma ən adi məsələdə belə müstəqilliyin heç bir əlaməti yoxdu!

Ruslar bizi həmişə xor gördülər. Bizə ikinci növ, hətta ən axırıncı növ vətəndaş kimi yanaşdılar, davrandılar. Onlar bizi iddia edilən “qardaş xalqların xoşbəxt ailəsi”nin “bərabərhüquqlu” üzvü kimi görmədilər!

Vəzifədə irəli çəkilə bilmədik! Azacıq önə çıxanımıza min cür əngəl törədildi! Əgər kimsə irəli getmək istədisə ona yol göstərildi ki, ya rus, ya da erməni ilə ailə həyatı qurmalısan! Əlavə olaraq da öz ana dilində deyil, ailəndə belə rus dilində danışmalısan!

Qanlı rus imperiyası bizi bacardıqca özümüzdən uzaqlaşdırdı, manqurtlaşdırdı, kimliyimizi silib-süpürdü!

O imperiya indi də ayaqdadır! Baxmayaraq ki, biz artıq 30 ildən çoxdur müstəqilik, həmin lənət imperiyasının uzantıları yenə də içimizdədirlər! Onlar yenə də bizi Moskva ilə qorxudur, bəzən açıq, bəzən də dolayısıyla təhdid edirlər! O qanı xarab uzantılar hələ də Azərbaycanın nicatını lənət imperiyasına qul olmaqda görürlər!

O uzantılar hazırda dünyanın gözü qarşısında baş verməkdə olan Ukrayna savaşında da işğalçı Rusiyaya bəzən açıq, bəzən də dolayısıyla haqq qazandırırlar! Onlar bizi hər addımda gözdən salmağa, lənət imperiyasının ayaqları altına atmağa fürsət gəzirlər! Eynən 102 il öncə Azərbaycanı satmış əcdadları kimi!

Amma unudurlar! Həm lənət imperiyası, həm də onun burdakı uzantıları unudurlar ki, dünya o dünya deyil! Azərbaycan da artıq o dövlət deyil! Onlar unudurlar ki, minlərlə şəhidimizin canı və qanı bahasına ayaqda duran bu dövləti biz heç kimə, heç bir dünya gücünə güzəştə getmək fikrində deyilik!

Bir də xatırlatmaq istərdik: 28 apreldən sonra 28 May gəlir, unutmayın! Yəni istənilən istilanın, işğalın ardından istiqlal günəşimizin doğduğuna, doğacağına kimsə şübhə etməsin! Biz 28 aprelçi deyil, 28 Mayçılarıq, belə bilinə!

Mission News Theme by Compete Themes.