Son yeniləmə: 28 Aprel 2022 10:13
Vüqar Bayramov: Azərbaycan əməyin mühafizəsi istiqamətində müasir çağırışlara və beynəlxalq standartlara uyğun islahatlar həyata keçirən ölkələrdəndir
Bayraqdar.info – “Əməyin mühafizəsi bu gün bütövlükdə qlobal xarakter daşıyan məsələlərdəndir. Ümumiyyətlə həm əmək şəraiti, həm əmək hüquqlarının, o cümlədən sosial hüquqların qorunması və əməyin ədalətli qiymətləndirilməsi kimi məsələlər, həmçinin əmək şəraitində təhlükəsizliyin gözlənilməsi ilə bağlı standartların tətbiq edilməsi prioritet məsələlərdəndir”.
Bunu Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı bayraqdar.info-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan əməyin mühafizəsi istiqamətində, xüsusilə də, son illər müasir çağırışlara və beynəlxalq standartlara uyğun islahatlar həyata keçirən ölkələrdəndir: “Ölkəmizdə əməyin ədalətli ödənilməsi və qiymətləndirilməsi istiqamətində addımların atıldığını müşahidə edirik. Bunlar da nəticə etıbarı ilə xüsusən də özünü minimum və orta aylıq əmək haqqında, o cümlədən minimum pensiyanın artırılmasında ehtiva edir. Təbii ki nəticə etıbarı ilə əməyin qiymətləndirilməsi vacib priorotetlərdəndir”.
Deputat deyib ki, eyni zamanda təhlükəsizliyin qorunması, Əmək Məcəlləsinə edilən dəyişikliklər fonunda yeni, müasir standartların tətbiq edilməsi də bu gün kifayət qədər prioritetdir: “Bu istiqamətdə də qanunvericiliyin təkmilləşməsi müşahidə olunur. Nəhayət, Milli Məclisin son plenar iclasında Əmək Məcəlləsinə edilən dəyişikliklər də birbaşa əmək hüquqlarının qorunması məqsədi daşıyırdı. Bu, xüsusən də işçinin hüquqlarının qorunması istiqamətində atılmış addımlardır. Bu baxımdan bəhs edilən istiqamətdə islahatlar davam edir. Məqsəd təbii ki, əməyin mühafizəsi sahəsində yeni və müasir çağırışlara uyğun standartların tətbiq edilməsinə nail olmaqdır”.