Press "Enter" to skip to content

Şuşa hər bir azərbaycanlı üçün əzizdir

Şuşa. Gəncə qapısı

Son yeniləmə: 27 Aprel 2022 18:47

Şuşa bizim milli sərvətimizdir

Gülxar RƏHİMLİ – “Xaçmaz” qəzetinin müxbiri

Azərbaycan ta qədimdən yadellilərin hücumlarına məruz qalmış, torpaqlarının azadlığı uğrunda mübarizə aparmışdır. Respublikamız zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri ilə daim qonşu dövlətlərin diqqət mərkəzində olmuşdur.

Paytaxtın Bakı şəhəri olmasına baxmayaraq üzüyümüzün qaşı Şuşadır. Şuşa Qarabağın strateji nöqtəsidir. Və həmişə təcavüzə məruz qalmışdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Ağa Məhəmməd şah Qacar tərəfindən mühasirədə saxlanılıb. Daha sonra ermənilərin kütləvi şəkildə Qarabağa yerləşdirilməsinin ardından Şuşa laqeyidliyin, diqqətsizliyin qurbanı oldu. Ermənilər Xankəndində böyük quruculuq işləri apardı və Şuşa kimi strateji əhəmiyyətli şəhər gözdən, könüldən uzaq qaldı.

…Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olundu. O, Azərbaycan Komunist Partiyasının birinci katibi secildi. Bu, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 1-ci dövrü idi.

Gülxar RƏHİMLİ
Gülxar RƏHİMLİ

Azərbaycanın XX əsr tarixinin 50 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır.

Ulu Öndər Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atmış, öz milli mənəviyyatımızı bizə qaytarmışdır. Qarabağda, əsasən də mədəniyyət beşiyimiz Şuşada aparılan tikinti quruculuq işləri, tez bir zamanda Vaqıfin məqbərəsinin bərpası, ziyalıların Qarabağa-Şuşaya dəvət olunması Azərbaycanın keçmiş SSRİ respublikaları arasında nüfuzunu artırdı.

Qeyd etməliyik ki, Heydər Əliyevin Moskvaya dəvət olunması, keçmiş SSRİ-nin dağılması, 15 müttəfiq respublikanın müstəqillik əldə etməsi, Ermənistanın uzun illər qoruyub saxladığı dənizdən-dənizə “böyük Ermənistan” iddiasını körükləndirməklə nəticələndi. Ermənistandan azərbaycanlı əhalinin çıxarılması, bir-birinin ardınca sərhədyani kəndlərə silahlı hücumların olunması, dinc əhalinin, eləcə də əsgərlərin şəhid edilməsi, ermənilərə görə, “Böyük Ermənistan” arzusunun reallaşmasına gedən yol idi. Şəhərlər, kəndlər viran qoyuldu, rayonlar işğal edildi. 1992-ci il may ayının 8-də Şuşa da işğalın qurbanı oldu.

28 illik həsrət

Şuşa həsrəti. Bu həsrətlə neçə-neçə şuşalı dünyadan köçdü. 28 il Şuşada Xarıbülbül “açmadı”, “solmadı”.

Qəlbindən vuruldu, köksü didildi,
Döyüldü dağ-daşa, orden edildi,
Qanla yoğrulmuşdu, sanki ödüldü,
Erməni boynuna taxıldı Şuşa.

Vaxtilə Üzeyr Hacıbəyli, BülBül və Natəvanın irihəcmli büstləri Şuşanın bəzəyi olmuş və 1992-ci il may ayının 8-də Şuşanın işğalı zamanı təkcə şuşalıların evləri yox, tarixi abidələrimiz də erməni qəsbkarlarının qurbanına çevrilmişdı. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər heykəlləri müxtəlif hissələrdən güllələmişdilər. Bundan əlavə, məscidlər dağıdılmış, Vaqıfin məqbərəsi yerlə yeksan edilmişdi. Qarabağ, Şuşa yanğısı ürəyimizdə qövr etdikcə hər birimiz bilirdik ki, nə vaxtsa o torpaqlara qayıdacağıq.

Həsrətə son. 44 günlük müharibə

27 sentyabr 2020-ci il. Bu şanlı tarıx hər bir azərbaycanlının mübarizə ruhunu bir daha alovlandırdı. Ali Baş Komandan cənab İlham Əliyevin arxasında sıx birləşən Azərbaycan əsgəri düşmənə amansız zərbələr vuraraq torpaqlarımızı azad etməyə başladı. Bu azadlıq mücadiləsi Azərbaycan əsgərinin canı, qanı bahasına başa gəldi. 44 gündə 30 ildə bacara bilmədiyimizi bacararaq torpaqlarımızı azad etdik. Biz birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizi unutmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik.

Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

“Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub, işğalçı Ermənistan deyil, bütün dünya gördü. Müharibə dövründə hər bir azərbaycanlı Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşdi. Və hər kəs Ali Baş Komandanın əmrini gözləyirdi. Xalq-iqtidar birliyi ən çətin anda belə özünü göstərdi. Və biz qalib gəldik.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir.”

2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi, daha sonra isə Şəhidlər Xiyabanındakı “Əbədi məşəl”in qarşısına əklil qoyduqdan sonra xalqa müraciət etdi. “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Əsgərlərimizin qolu gücünə Şuşa azad olundu. Daşaltı yolunda ermənilərin fikri yayındırıldı. Xüsusi təyinatlılarımız isə sıldırım qayaları əli silahsiz, öz güclərinə qalxaraq işğalçı erməniləri vahiməyə saldılar. Budur Azərbaycan ordusunun, Azərbaycan əsgərinin qəhrəmanlığı. Belə bir strateji yüksəkliyi sıldırım qayalara dırmaşaraq azad etmək bütün dünyanın təəccübünə səbəb oldu. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.

Şuşanın azad olunması xəbəri bir anın içərisində bütün ölkəni bürüdü. Əllərində Azərbaycanın bayrağı olan xalq küçələrə axışdı. Bu sevincli xəbəri böyükdən kiçiyə hər kəs çoşqu ilə qarşıladı.

İki gün sonra isə noyabr ayının 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Ermənistan məğlubiyyətlə barışdı, bəyanat imzalayaraq öhdəliklər götürdü. O gecə imzalanmış üçtərəfli bəyanət məsələnin həlli istiqamətində atılan son nöqtə oldu.

“Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Azərbaycan xalqı “dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyini, gücünü bütün dünyaya nümayiş etdirdi.

“Vətən müharibəsi Azərbaycan tarixinə silinməz bir tarixi həkk etdi. Şəhidlərimizin, qəhrəman oğulların vətənpərvərliyi, şücaəti sayəsində Azərbaycan böyük bir qələbəyə imza atdı.

Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara BÖYÜK QAYIDIŞA başlayıb: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Otuz ilə yaxın erməni işğalında qalan ərazilərimiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu böyük zəfər azərbaycanlıların torpaq, yurd həsrətinə son qoydu. Artıq işğaldan azad olunmuş həmin ərazilərimizdə tikinti-quruculuq işləri həyata keçirilir. Erməni qəsbkarlarının işğalınadək keçirilmiş ənənəvi tədbirlər də bərpa olunur”.

Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə – yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı Vaqifin məqbərəsini ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə başlanıldı. İşlər Heydər Əliyev Fondu tərəfindən aparıldı.

Bu gün böyük şairin məqbərəsi tam bərpa olunub və burada “Vaqif” Poeziya Günlərinin keçirilməsi bərpa edilib.

Möhtərəm prezidentimizin göstərişi ilə bu gün Şuşa yenidən qurulur. Burada işləyən insanlar Şuşanın daha əzəmətli, gözəl, yaraşıqlı şəhərə çevirilməsi üçün səylə çalışırlar.

Biz əminik ki, yaxın gələcəkdə Şuşa mədəniyyətimizin paytaxtı kimi dünya şəhərləri arasında böyük şöhrət qazanacaqdır.

Qeyd: Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından istifadə edilib.

Mission News Theme by Compete Themes.