Son yeniləmə: 27 Aprel 2022 13:44
Hulusi Kılıç: ABŞ Prezidentini tarix dərsini yaxşı-yaxşı oxumağa dəvət edirəm
Bayraqdar.info – “ABŞ Prezidenti Co Baydeni tarix dərsini yaxşı-yaxşı oxumağa dəvət edirəm. Qoy C.Bayden öncə tarixi öyrənsin”.
Bunu bayraqdar.info-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.
Siyasətçilərin tarixlə bağlı qərar verməsi qəbuledilməzdir
Keçmiş səfir deyib ki, ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı açıqlaması nə tarixi, nə də hüquqi əsaslara söykənmir: “Siyasətçilərin tarixlə bağlı qərar verməsi qəbuledilməzdir. Eyni zamanda hüquqi baxımdan heç bir əsası olmayan 1915-ci il hadisələri ilə bağlı hay-küy sadəcə Türkiyə dövlətinə və türk xalqına qarşı bir qaralama kampaniyasıdır. Bu, erməni diasporunun uydurduğu qocaman, özü də əsassız bir yalandır. Daha dəqiq desək, bu, bir siyasi əxlaqsızlıqdır. Çünki türk millətinin tarixində soyqırımı törətmək deyə bir şey yoxdur”.
H.Kılıç deyib ki, bununla belə, erməni tarixi xəyanətlərlə, soyqırımları ilə, qətliamlarla, günahsız insanların, xüsusilə də türk və müsəlmanların ermənilər tərəfindən vəhşicəsinə öldürülməsinə dair faktlarla zəngindir: “Bu gün erməni diasporunun “soyqırımı” kimi təqdim etdiyi, əslində isə ermənilərin bir yerdən başqa yerə köçürülməsi də məhz onların xəyanətləri sonucu meydana çıxıb. Osmanlı İmperiyasının 7 cəbhədə müharibə apardığı bir vaxtda yaşadıqları ölkəyə xəyanət edən ermənilərin həmin illərdə törətdikləri vəhşiliklərə dair yetərincə sənədlər, fotolar var. Lakin bütün bunlara baxmayaraq Osmanlı İmperiyası onların bu xəyanətinin qarşısnın alınması üçün ən sadə və insani bir addım atıb. Ermənilərin Anadoluda türklərə qarşı törətdiyi qətliamların, onların Osmanlı ordusuna qarşı xəyanətlərinin qarşısını almaq üçün Osmanlı dövləti köç qərarı verib. Lakin bu halda belə ermənilər başqa bir ölkəyə sürgün edilməyiblər. Osmanlı torpaqları olam Suriya və Livana köçürülüblər”.
“Mən əminəm ki, ermənilərə havadar duran, qondarma “erməni soyqırımı” iddiasından Türkiyəyə təzyiq məqsədilə istifadə edən Qərb dövlətlərinin hansının ərazisində buna bənzər olay olsaydı ermənilərin biri də sağ qalmazdı. Çünki xəyanətin bədəli ağır olur. Amma türk xalqı, həmçinin türk dövləti olan Osmanlı İmperiyası bu halda belə humanist davranış sərgiləyib. Bax, budur türklərin başqa xalqlardan fərqi. Bir sözlə, əsl soyqırımı həmin vaxt erməni silahlı quldur dəstələri tərəfindən türklərə qarşı törədilib”, – deyə H.Kılıç bildirib.
Gerçək soyqırımı axtaranlar Xocalıya nəzər salsınlar
Müsahibimiz deyib ki, gerçək soyqırımı axtaranlar Xocalıya nəzər salsınlar: “Hər şey bütün açıqlığı ilə ortadadır. Xocalıda müasir dövrün ən dəhşətli qətliamı, ən qanlı soyqırımı aktı törədilib. Kim törədib? Ermənilər. Kimə qarşı törədib? Azərbaycan türklərinə qarşı. Yəni mənzərə bütün çılpaqlığı ilə ortadadır. Gerçək insan qatilinin, gerçək cinayətkarın, soyqırımı cəlladlarının kimliyi bəllidir. Bu gün olmayan bir şeyə görə addım başı Türkiyəyə təzyiq edənlər niyə Xocalının hesabını ermənilərdən soruşmurlar? Niyə 1918-ci il 31 mart soyqırımına görə ermənilərdən hesab sormurlar? Səbəb bəllidir. Çünki bu, onların işlərinə yaramır. Çünki ikili standart Qərbin canına hopub. Çünki ortada bir antitürk, antimüsəlman yanaşması var”.
H.Kılıç onu da bildirib ki, bu gün Türkiyəni olmayan soyqırımına görə ittiham edən ABŞ rəsmiləri öncə öz tarixlərinə baxsalar yaxşı olar: “Baxsalar orada Amerikanın qızıldərililərə qarşı həyata keçrdiyi soyqırımı cinayətlərini görəcəklər. Həmçinin dünyanın müxtəlif yerlərində həyata keçirdikləri qətliamları görəcəklər”.
Bu cür açıqlamalar Ermənistana daha çox ziyan verir
Keçmiş səfir deyib ki, bu cür açıqlamalar Ermənistana xeyir deyil, ziyan verir: “Hazırda regionda əbədi sülh arayışları davam edir. Ermənistanın Azərbaycanla və Türkiyə ilə normal diplomatik əlaqələr qurması üçün tarixi şans yaranıb. Əgər başda ABŞ olmaqla Qərb ölkələri Ermənistanın yaxşılığını istəyirlərsə bu əlaqələrin normallaşmasına dəstək olmalıdırlar. Amma görürük ki, onlar tamamilə bunun əksini edirlər. Co Baydenin timsalında səsləndirilən bu əsassız açıqlamadan Ermənistana heç bir xeyir gəlməyəcək. Erməni gənclərinin kin və nifrətlə tərbiyə edilməsinin ancaq və ancaq Ermənistanın özünə ağır zərbə vurduğunu hər kəs yaxşı bilir”.
Garo Paylanın indi danışması təsadüfi deyil
H.Kılıçın qənaətinə görə bütün bunların arxasında bircə məqsəd dayanır: “Xarici güclər Ermənsitanı bundan sonra da maşa kimi istifadə etmək istəyir. Ona görə də Ermənistan-Türkiyə yaxınlaşmasına, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane olmaq üçün hər cür çirkin oyuna baş vururlar. Hesab edirəm ki, HDP millət vəkili Garo Paylanın bu günlərdəki şousu da bu məqsədə xidmət edir. Ümumiyyətlə, onun irəli sürdüyü təklif əxlaqsız bir təklifdir. Belə bir təklifin TBMM-də səsləndirilməsi isə əxlaqsızlığın yüksək həddidir. Maraqlıdır, görəsən G.Paylan hansı səbəbə bu həyasız təklifini məhz bu il səsləndirdi? Bu sualın cavabı üçün çox baş sındırmaq lazım deyil. Yuxarıda vurğuladığım kimi, xarici güclər Ermənistanla Türkiyə arasında yaxınlaşmaya mane olmaq üçün hər yola baş vurur. Görünür, xaricdəki erməni diasporunun maşası olan G.Paylana da TBMM-də bu cür həyasız addım atmaq sifarişi xaricdən gəlib”.
“Bir sözlə, istər Ermənistanla Türkiyə arasında normallaşmaya dair aparılan danışıqlar, istərsə də aprelin 6-da Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş erməni diasporunun və bu diasporun ağalarının yuxusunu ərşə çəkib. Onlar G.Paylana bir sifariş veriblər. Amma tarix artıq erməni diasporunun, revanşistlərin və onların xaricdəki ağalarının ziyanına işləyir. Sülh qatarı hərəkətə keçib və G.Paylan kimilərinin təxribatçı addımları bu qatarı dayandıra bilməz. Burda sadə ermənilərin, o cümlədən baş nazir Nikol Paşinyanın üzərinə böyük məsuliyyət düşür. Əgər onlar Ermənistanın bir dövlət kimi mövcudluğunun qorunmasını istəyirlərsə diaspor mafiyasına sərt müqavimət göstərməldirlər. Əks təqdirdə dəmir yumruq yerindədir”, – deyə H.Kılıç sonda bildirib.