Son yeniləmə: 27 Aprel 2022 23:45
Bayraqdar.info – Kitab oxumağı və kitablar haqqında yazmağı çox sevirəm. Uşaqlıqdan ən sevimli məşğuliyyətlərimin önündə gəlir kitab oxumaq. Hələ çox maraqlı, qalın-qalın romanları necə həvəslə oxuyuram, bilənlər bilir. Hə, bir də o bəllidir ki, hər kitabı oxumaram. Bu vaxta qədər oxuduğum kitabların hamısı -istisnasız- özünü oxudan kitablar olub. Yəni bir peşəkar oxucu olaraq bu fikirdəyəm ki, özünü oxuda bilməyən kitab oxunmaz.
Oxumaqdan danışırıq. Amma dövran dəyişib, indi də kitabları dinləməyə başlamışıq. Açığı, bu yöndə geniş təcrübəm yoxdur. Düzdür, illərdir e-kitablar da oxuyuram. Yəni nisbətən təcrübə sahibi sayıla bilərəm. Amma səsli kitab dinləmə təcrübəm yox idi. Bir neçə gün öncəyə qədər.
Hər kəs bilir, tez-tez Bakı-Dədəli yolunu ölçürəm. Bir qayda olaraq bu yol 2,5-3 saat arası vaxt alır. Az vaxt deyil. Yol boyu da Azərbaycan radio kanallarına qulaq asıram. Onlarda da çox vaxt şit-şit, bəzən səviyyəsiz deyə biləcəyimiz söhbətlər, zay musiqilər səsləndiyi üçün öz musiqi kolleksiyama müraciət edirəm. Beləcə illərdir bu yolu gedib-gəlirəm.
İşlərin çoxluğu, vaxtın azlığı əvvəlki illərdə olduğu qədər kitab oxumağıma imkan vermir. Oxumaq üçün burnumun ucu göynəyir, amma heç cür çatdırıb oxuya bilmirəm. (Söhbət, əlbəttə ki, bədii, yaxud da maarifləndirici ədəbiyyatdan gedir. Yoxsa ki, hər gün onsuz da ən azı bir kitablıq nəsə oxuyuram. – A.H.) Ona görə də çıxış yolu axtarırdım ki, qarşıma səsli kitablar çıxdı. Düşündüm ki, əsl mənlikdir. Ən azından Bakı-Dədəli yolunda artıq radioların şit verilişlərinə qulaq asmağa məcbur olmaram. Həm də kitab ehtiyacımı beləcə həll edərəm.
Aradım, araşdırdım. Müxtəlif mənbələrdə müxtəlif səsli kitablar çıxdı qarşıma. Dünyaca məşhur Deyl Karneginin (Dale Carnegie) kitablarına rast gəldim. Bu narahat dünyamızda diqqətimi çəkəcək bir kitabın üzərində dayandım. Adı “Necə narahat olmaqdan qurtulmalı və yaşamağa başlamalı” (“Как перестать беспокоиться и начать жить” – “How to Stop Worrying and Start Living”) olan bu kitab diqqətimi çəkdi və onu endirdim.
Ümumilikdə 11 saatlıq kitabı maşında dinləməyi düşünürdüm. Hesablamışdım ki, Dədəliyə uzağı 2 gediş-gəlişə onu bitirərəm. Təbii ki, Bakının tıxaclarında, qısa məsafələrdə dinləmək fikrim yox idi. Əsas uzaq yolda dinləməkdir ki, həm ardıcıllıq pozulmasın, həm də kitabın məramı tam anlaşılsın.
Beləliklə, bir müddət öncə kitab artıq maşında idi. Dinləməyə başlamışdım. Bakıdan çıxınca diqqətimi həm yola, həm də kitaba kökləyərək həvəslə dinləyirdim. Həm də bir qayda olaraq yolda tək olduğum üçün fikrimi cəmləmək problemim də olmur. Diqqətlə dinləyə bilirəm.
Və 2 gediş-gəliş tamam oldu, bir az qaldı, onu da 3-cü gedişin yarısında – aprelin 25-də tamamladım.
Zövq aldımmı? Aldım. Maarifləndimmi? Maarifləndim. Kitab faydalı oldumu? Oldu. Nə gizlədim, müəllifin təlqin etmək istədiklərinin böyük çoxluğu zatən mənim həyat tərzimdir. Amma yenə də bu kitabı dinləməyim çox faydalı oldu.
Oxumayanlara tövsiyəmdir: oxuyun (və ya dinləyin) bu kitabı. Yaxud da bunun kimi kitabları. Çünki belə kitablar oxumadığımız üçün ruh halımız bəzən baş-ayaq olur. Bəzən üzləşdiyimiz ən xırda problem bizi yerdən yerə vurur. Niyə? Sadəcə təcrübəsiz oluruq. Adicə bir məsələ bizi büsbütün məşğul edir. Beynimiz qarışır, fikir bizi əsir edir. Amma belə kitabları vaxtında oxumuş olsaq ən çətin anlarında belə həyatımız rəvan gedərdi…
Haşiyə: Kitabın yazılma səbəbi də ibrətamizdir. D.Karnegi girişdə qeyd edir ki, bir vaxtlar Nyu Yorkda çox cansıxıcı və rəzil həyat yaşayırmış. Kasıb bir komada qalırmış. Ətrafda tarakanlar qaçışırmış. Hər səhər yuxudan oyananda ilk gördüyü də bu tarakanlar olub. Hələ deyir ki, divardan asılmış qalstuklarımdan birini seçəndə də onların arasında həşəratlar qaçışırdı. Müəllif yazır ki, ucuz yeməkxanalarda -ki orda da heç şübhəsiz çoxlu tarakanlar varmış- qidalanmaqdan da bezmişdim. Hər gecə evə baş ağrısı ilə qayıdırmış müəllif. Və bu sıxıcı həyatdan qurtulmaq üçün qərar verməli olur. D.Karnegi yazır ki, cansıxıcı otaqdan və zəhlətökən işimdən qurtulmaq üçün oxumaq və oxutmaq qərarına gəldim. “Mən yazmaq üçün yaşamaq, yaşamaq üçünsə yazmaq istəyirdim” deyir müəllif. Sonrası da bəllidir. Ölümündən sonra belə onun kitabları-təcrübəsi bütün dünyada geniş yayılır, adamın ölüsünə belə pul qazandırır…
Bu kitabı mən oxudum, siz də oxuyun və oxudun. Yaxud da belə kitabları. Oxuduqdan sonra biləcəksiniz ki, bir çox narahatlıqlarımıza heç gərək yoxmuş. Anlayacaqsınız ki, dünənə taxılıb qalmaq heç nəyi dəyişmir, sabahı da uzun-uzun düşünmək faydalı deyil. D.Karnegi deyir ki, bu günlə – bu anla nəfəs almaq lazımdır. Çünki bizim olan məhz bu andır.
Yaxud da bu kitabı oxuyanda 5 yaşlı qızını itirmiş, ardından da dünyaya gələn daha bir qızını bir neçə aylığında məzara qoymalı olmuş atanın öncə özünə qapanıb tərki-həyat olması, sonra isə birdən-birə necə həyata bağlana bilməsini öyrənəcəksiniz.
Kitabda qarşınıza pul qazanmağın, əslində, çətin olmadığı təcrübəsi də çıxacaq.
Hətta iki həftə içində öləcəyi proqnozlaşdırılan, özünə bunun üçün tabut belə alan bir ağır xəstənin həyata bağlanması, xəstəliyinin büsbütün sağalması təcrübəsi də var bu kitabda.
Bəs dərdlərimizlə, xəstəliklərimizlə başbaşa qaldığımızda bizi nə xilas edə bilər? Biz necə iynə və dərmansız belə ağır xəstəliklərdən qurtula bilərik? D.Karnegi yazır ki, bunun ən yaxşı yolu işləməkdir. Bəli, bir insanın ürəyincə olan işi varsa, onun həyatı da çox rəvan gedər, ən ağır xəstəlikləri belə öz-özünə sağalar.
Bütün bunlar və bənzər məsələləri müəllif öz xəyal məhsulu kimi deyil, təcrübədən çıxış edərək yazır. Yəni bu kitab yaşanmış həyat hekayələrinin – təcrübənin məhsuludur. Müəllifin kitab vasitəsilə çatdırmaq istədiyi ən önəmli ismarıc budur: əgər başqaları belə hallara düşdükdən sonra qurtula biliblərsə, sən də qurtula bilərsən. Hətta ən sağalmaz xəstəliyi belə yenib qalib çıxa bilərsən.
Belə. Bu kitabı mən dinlədim. Dinləməyənlərə – oxumayanlara da şiddətlə tövsiyə edirəm. Vaxtı boşa verməyin, məncə onu əldə edin, oxuyun, dinləyin, mümkün olsa dostlarınızla, ailə içində müzakirə də edin. İnanın, çox faydalı olacaq, çox. Təcrübədən çıxış edərək deyirəm bunu…