Press "Enter" to skip to content

Deputatdan təklif: Bu mövzuda filmlərin sayı çox olmalıdır

Vüqar İskəndərov

Son yeniləmə: 27 Aprel 2022 20:28

Vüqar İskəndərov: Milli filmlərin gənclərə vətənpərvərlik ruhunun aşılanmasında rolu böyükdür

Bayraqdar.info – “22-23 aprel tarixlərində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V – Zəfər Qurultayı Azərbaycan tarixində özünəməxsus yer tutacaq. Uzun illər keçsə də, həm xalqımız, həm də dünya tarixçiləri zaman-zaman bu qurultaya, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin bu ali tədbirdəki tarixi çıxışına müraciət edəcək”.

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Mühüm və tarixi mesajlar

Prezident İlham Əliyevin çıxışında mühüm və tarixi mesajlar verdiyini, həmçinin diasporumuz üçün yeni yol xəritəsi cızdığını deyən deputat xüsusilə vətənpərvər gəncliklə bağlı məqamın üzərində dayanıb: “Cənab Prezidentin də bəyan etdiyi kimi, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, dövlətimiz qalib dövlət kimi əbədi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix, xalq və Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi qələbəni Azərbaycan xalqına bəxş ediblər”.

Deputat əlavə edib ki, bu qələbənin davamlı olması üçün bundan sonra da inamlı addımlar atmalıyıq: “Cənab Prezidentin öncəki çıxışlarında da qeyd etdiyi kimi, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur”.

Uğurlarımızın davamlı olmasının yolu vətənpərvər gənclikdən keçir

Yəni uğurlarımızın davamlı, dövlətimizin bundan sonra da yenilməz olmasının yolu vətənpərvər gənclikdən keçir: “Elə bir gənclik ki, onlar eyni zamanda heç vaxt bu işğalı, erməni vəhşiliyini, 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını unutmamalıdır. Bundan sonra da bu cür gəncliyin yetişməsi üçün dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları, təhsil müəssisləri, o cümlədən yaradıcılıq qurumları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər. Təxminən bir ay öncə qələmə aldığım “Tarixi zəfərimizə layiq filmin çəkilməsinin zamanıdır” adlı məqaləmdə də qeyd etdiyim kimi gəncləri qəhrəmanlığa, ana Vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağıran ekran əsərlərinin, eləcə də şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən milli filmlərin vətənpərvərlik ruhunun aşılanmasında rolu böyükdür”.

Bu, gənclərdə Vətənə, torpağa sevgi hissləri formalaşdırır

V.İskəndərov onu da bildirib ki, 2020-ci ilin sentyabrına qədər ərazilərimizin işğal edilməsi ilə bağlı məqamlar, torpaqların geri qaytarılmasına çağırışlar filmlərin əsas motivini təşkil edib: “Yeni dönəm ekran əsərlərinin əsas mövzusu Vətən müharibəsinin qəhrəmanları, şəhidlərimizin ömür və döyüş yolları, dünyanın hərbi mərkəzlərini heyrətə salan döyüş taktikamız, 30 ildən sonra doğma torpaqlarımıza qovuşmağımız, şanlı qələbəmizin təmin olunmasına ölkəmizdə yaşayan bütün xalqların töhfə verməsi olmalıdır. Mən gənclərə yaxın olan, daim onların içində olan biri kimi birmənalı olaraq qeyd edirəm ki, hərbi-vətənpərvərlik mövzusunda olan milli filmlər gənclərin daha çox maraq dairəsindədir. Odur ki, bu mövzuda filmlərin sayı çox olmalı, təbliğatı yüksək səviyyədə həyata keçirilməlidir. Çünki qəhrəmanlıq və vətənpərvərlik ruhunda çəkilən filmlər uşaqlarda, gənclərdə Vətənə, torpağa sevgi və qayğı hissləri formalaşdırır”.

Deputat sonda əlavə edib ki, rejissorlar, film istehsalı ilə məşğul olan müvafiq qurumlar, o cümlədən ssenaristlər vaxt itirmədən hərəkətə keçməlidir: “Bir məsələni də xüsusi olaraq vurğulamağı vacib sayıram. Hesab edirəm ki, ayrı-ayrı hadisələr fonunda çəkiləcək filmlərlə yanaşı biz iki məqama xüsusi olaraq diqqət etməliyik. Bunlardan birincisi tariximizlə bağlıdır. Yəni şanlı tariximizdən, Azərbaycan xalqının yaranışından, qurduğu dövlətlərdən, ayrı-ayrı əsrlərdə üzləşdiyi işğal faktlarından, qəhrəmanlığından bəhs edən və real faktlara əsaslanan filmin, yaxud da serialın meydana çıxmasının vaxtıdır. Elə bir ekran əsəri ki, xarici tamaşaçı ona baxarkən “Azərbaycan haradır və Azərbaycan xalqı kimdir” sualına bütün məqamları ilə cavab tapa bilsin”.

İkinici məqama gəlincə, deputat hesab edir ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri sözün bütün mənalarında dünya tamaşaçısına çatdıracaq geniş məzmunlu filmin çəkilməsinə nail olmalıyıq: “Bəhs etdiyim istiqamətlərdə ekran əsərlərinin meydana gəlməsi üçün lazım gələrsə xarici mütəxəssislərə də müraciət etməliyik. Yəqin ki, bu məqamda “xarici mütəxəssislər üçün çoxlu maliyyə tələb olunacaq” deyəcəksiniz. Bəli, düzdür. Amma xalqımız, qəhrəmanlarımız və şanlı tariximiz üçün hər kəsin əlini daşın altına qoyması vacibdir. Necə ki, Birinci Qarabağ müharibəsi zamanı çəkilən filmlərin böyük qisminin ərsəyə gəlməsində iş adamları, ayrı-ayrı şirkət və qurumlar dəstək olublar, indi də tariximizə töhfə vermək istəyən iş adamları və şirkətlər öz xidmətlərini əsirgəməməlidirlər”.

Mission News Theme by Compete Themes.