Press "Enter" to skip to content

Zəngilanda hava hərəkətinin idarəetmə sistemi sınaqdan keçirilib

Zəngilan hava hərəkətini iidarəetmə sistemi

Son yeniləmə: 26 Aprel 2022 11:47

Bayraqdar.info – Aprelin 26-da Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemi sınaqdan keçirilib. AZAL-dan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, sınaqda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın “DFS Aviation Services” (DAS) şirkətinin nümayəndələri iştirak ediblər.

Məlumata görə, sınaq uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində baş tutub. Sistem DAS -in mütəxəssislərinin hazırladığı müasir avtomatlaşdırılmış “Phoenix” sisteminə əsaslanır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən inkişaf etmiş infrastruktura malikdir. Zəngilan aeroportunda yeni avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin artırılmasına kömək edəcək”, – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

“Azərbaycanın yeni beynəlxalq hava limanlarında “Phoenix” proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DAS arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir”, – deyə DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.

“AZANS-ın bütün texniki və əməliyyat heyətinə Almaniya mütəxəssisləri müvafiq təlimlər keçib.

“”Phoenix” sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk sistemi Almaniyanın aeronaviqasiya xidməti ötən ilin avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq edib.

“Zəngilanda 3 min metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaq. Aeroportun gələn il istismara verilməsi nəzərdə tutulur”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.