Press "Enter" to skip to content

Teymur Musayev ÜST rəsmisini qəbul edib

Son yeniləmə: 26 Aprel 2022 17:25

Bayraqdar.info – Səhiyyə naziri Teymur Musayev Azərbaycanda rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Səhiyyə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdə Azərbaycanın digər səhiyyə qurumlarının rəhbərləri də iştirak edib.

“T.Musayev Azərbaycanın ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir: “Ötən 30 il müddətində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib. Bu əməkdaşlığın başlanğıcında yeni qurulan müstəqil dövlətimizin səhiyyəsi müəyyən çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin səhiyyə sektoruna xüsusi qayğısı və uzaqgörən siyasəti nəticəsində bu çətinliklər mərhələli şəkildə aradan qaldırılıb. Bu işdə bizə yaxından kömək edən etibarlı tərəfdaşlardan biri də ÜST olub”.

“Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib: “Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirilib”.

“Səmimi qəbula görə təşəkkürünü bildirən H.H.Kluge qlobal səhiyyə hədəflərinə nail olmaq üçün ilkin səhiyyə xidmətlərinin prioritet təşkil etməsinin əhəmiyyətini vurğulayıb.  Azərbaycanın səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirən H.H.Kluge təmsil etdiyi qurumun Azərbaycanda rəqəmsal səhiyyənin inkişafına hər cür dəstək verməyə hazır olduqlarını qeyd edib.

“İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Nazirliklə ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə geniş müzakirələr aparıblar”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.